“Hazırda musiqi dünyasından baş verənlər mənim dünyamda təsəvvür elediyim musiqi dünyası üçün çox uzaqdır. Düşündüyüm musiqi dünyası ilə gördüyüm musiqi dünyası daxili dünyamdan tamamilə fərqlidir. Mən musiqiyə gələndə bugünki günü xaos yox idi. İndiki kimi asan deyil idi, çətin idi. Sərbəstlik var idi. Biz sənətə gələndə sosial şəbəkələr indiki kimi populyar deyil idi. Mən sənətə konsertlər verərək, televiziya və radiolara çıxaraq gəlmişəm. Daha sonra tanınmağa başladım. Verilişə gedirəm, saata baxıram ki, veriliş nə zaman bitəcək ki, buradan çıxım, gedim. Çünki danışmaq istəmirəm. Danışılacaq bir şey də yoxdur. Orada oturmağa özünü uyğun da görmürsən”.
OLAY yazır ki, bu sözləri opera və vokal ifaçısı Lətifə Soyuöz qonaq olduğu “RTV” kanalında yayımlanan “Çərçivədən kənar” verilişində deyib.
Şou-biznesin indiki vəziyyətindən şikayətçi olan sənətçi küskünlüyünü bu şəkildə ifadə edib:
“Diqqət yetirsənin görərsiniz ki, bütün konsertlərdə yalnız eyni müğənnilər çıxış edir. Hər zaman eyni… Çünki sevdikləri 3-4 müğənni var. Sadəcə onları çıxarırlar konsertə. Bu mövzu da mən sevgini, münasibəti də qoyuram kənara… Konsert təşkilatçılarının dediyi ilə oturub-duran sənətçiləri hər zaman konsertlərə salırlar. Və onlar hər zaman öndədir. Baxdım ki, bu dünya mənim üçün uzaq bir dünyadır. Mən heç kimin sözü ilə oturub-dura bilmərəm. Mənim mərhum atam rəhbər vəzifədə çalışıb, anam, qardaşım isə hərbiçidir. Buna görə də mən subordinasiyanı çox gözəl bilirəm. Amma müəyyən şeylər var ki, o dünya mənim üçün uzaqdır. Düşündüm ki, bunlara bəzən uzaqdan baxmaq daha yaxşıdır. Oxuyuram, mahnılarımı yazdırıram. Mən maksimalistəm hər şeyin ən yaxşısını istəyirəm. Bu isə mənim zərərimə işləyir. Mahnılarımı ən yaxşı arajnimanlara həvalə edirəm və onları öz kanallarım üzərindən reklam edirəm. Bu mənim üçün daha rahatdır. Çox az sayda verilişlərə çıxıram. Bəziləri deyir ki, məni şou-biznesə aid etməyin. Yəni şou-biznesdə olmağı özünü təhqir kimi görür. Deyirlər ki, mən şou-biznesdə deyiləm, mədəniyyət tərəfdəyəm. Mən nə oradayam nə də ki burada. Hər iki tərəfdə olmaq yaxşı bir şeydir. Əgər təbii ki, bunu bacarırsansa. Sadəcə hər iki tərəfdən küskünlüyüm var. Hətta deyərdim ki, mən şou-biznesdən o qədər küsməmişəm. Çünki şou-biznes öz axarı ilə davam edir. Yənə də mənə dəvətlər gəlir. Küskünlüyüm onda yarandı ki, o qədər yaxşı musiqi təqdim edirəm və buna bir o qədər də qiymət verilmir. Düşündüm ki, o zaman mən bunu niyə etməliyəm?”
Lətifə bildirib ki, onun üçün toya getmək və toy səhnəsinə çıxmaq heç zaman prioritet təşkil etmıyib:
“Heç zaman toy həvəskarı olmamışam. Toylara getmək üçün mahnılar yazdırmamışam. Toya getmək mənim üçün prioritet olmayıb. Heç zaman toy səhnəsi üçün dava etməmişəm. Toy səhnəsi ümumiyyətlə mənim üçün yoxdur. Hər zaman istəmişəm həqiqi səhnədə olmaq. Təbii ki, toyda olmaq və toy aparmaq çox çətindir. Baxıb, görürəm ki, o səhnələrdə bizim ifaçılarımız nə qədər əziyyət çəkir. Çətindir, amma mənim üçün deyil. Hər zaman səhnədə olmaq istəmişəm və ona görə də mahnılar yazdırmışam. Amma çox əfsuslar olsun ki, anladım ki, belə olsa daha yaxşıdır”.