Müğənni Natavan Həbibi və reper Elşad Xose efirə çıxmaq üçün qonorar istəmələri barədə yayılan iddialarına cavab verib.
OLAY yazır ki, onlar bu məlumatı yayan aparıcı Kazım Sübhanın paylaşımına şərh əlavə edib. Natavan qeyd edib ki, solo karyerasına başladığı dövrdə pullar xərclədiyi kanal rəhbərləri indi ona ödəniş etməlidir:
“Əzizim Kazım, elə “hər şey qarşılıqlıdır” deyə solo karyeraya başlayanda qazandığımı (qeyri rəsmi şəkildə) aparıb verirdim telekanallarda oturan, incəsənəti pul ilə işıqlandıran kanal rahbərlərinə. Ödənişsiz efirin bir saniyəsini də verməzlər. Adları da çəkək. Dövlətimiz isə bu rüsumu hər zaman elə rəsmi şəkildə ayırıb bu ölkənin incəsənət nümayandələrinə. Dünya təcrübəsində bu, əsrlərdir adi hal və formatdır. Dərinə gediriksə, gedək, sizin kanal illərdi mənə elə hey qadağalar qoyub. “Çuşka- çuşka” mahnılara qulaq asın. Rəzilliyi dünyaya tanıtdırın! Gələcək nəsil sizə “sağ ol” deyər. Boş-boş manıs səviyyəsində söhbətləri yaymayın. İnsanlar öz hüquqlarını bilməlidir. Qanun elə hamı üçün qanundur. Bəli, bunları elə sizin rəhbərlərinizə də demişəm”.
E. Xose isə Kazımın iddialarına belə cavab verib:
“İşlədiyin kanalın “oborot”unu yaza bilərsən, Kazım? Heç olmasa təxminən. Sadəcə mən heç bir verilişdə oxumuram. Mənə danışmaq daha vacibdir. Mənim danışdığım kimə doğrudan da maraqlı gələrsə, o da pul verməyə hazır olacaq. Mən öz verilişimi aparanda çağırdığım adamlara pul verəcəm”.
Qeyd edək ki, ötən gün K. Sübhan video paylaşaraq Elşadın onun verilişinə gəlmək üçün pul istədiyini demişdi. Bundan başqa, daha əvvəl efirlərdən qonorar istəyən Xatirə İslam və N. Həbibinin də adını çəkmişdi.