Müğənni Gülay Zeynallı uşaqlıqda başına gələn hadisə haqda danışıb.
OLAY yazır ki, “Özəl” verilişində ifaçı kiçik yaşlarından bəri şadlıq evlərində pul qazandığını açıqlayıb.
Sənətçi bildirib ki, dərsdən qaçıb işə tələsdiyi zaman yıxılıb:
“Bülbül adına Orta İxtisas Məktəbin 8-ci sinfində təhsil alırdım. Fortepiano dərsində idim. Saata baxdım, gördüm ki, 7-ə qalıb və hava qaralıb. Toya çatmalıyam, hətta geyimimi dəyişməliyəm. Məktəbimizin pilləkənləri dağılmışdı, təmirsiz idi. Pilləkənləri elə tələsik düşdüm ki, ağzıüstə yıxıldım. Dizim sıyrıldı, qanadı. Şalvarım da cırıldı. Ağladım və özümə dedim ki, “Mən dərsdən işimə görə qaçmışam. Eybi yox, əziyyətimin bəhrəsi olacaq”. Qaça-qaça avtobusa mindim, çatdım toya. Anam zəng edəndə belə elə gülərüzlə danışdım ki, elə bil heç nə olmayıb”.
G.Zeynallı adını çəkmək istəmədiyi bir xanım bəstəkarın ona qarşı etdiyi hərəkət barəsində də söhbət açıb:
“Doqquzuncu sinifdə oxuduğum zaman anam dedi ki, “Gülay, istəyərdim bəstəkar mahnısı oxuyasan”. Qərara gəldik ki, bir bəstəkar xanımın qapısına gedək. Bizi çox xoş qarşıladı, qəbul etdi. Səsimə qulaq asdı və xoşuna gəldim. Dedim ki, mahnınızı ifa etmək istəyirəm, olarmı? Soruşdu ki, “sponsorun var?”. “Yox” dedim, mənə “Sponsorun yoxdursa, mahnımı almağa sənin gücün çatmaz” – söylədi. Anamla bir-birimizə təsəlli verə-verə getdik. Amma Allah böyükdür. O, əziyyət çəkən hər bir insanı dəyərləndirir. Bu günə kimi o bəstəkar dəfələrlə mənə xəbər göndərib. Onun mahnılarını oxumağımı istəyib. Artıq hər kəsi öz ürəyimdəki kimi bilmirəm. Hər kəsdən uzaq qaçmağa çalışıram”.