Aparıcı Elçin Əlibəyli mərhum qardaşı Oqtay Əliyevlə bağlı paylaşım edib.
OLAY yazır ki, o, qardaşının son fotolarından birini izləyiciləriylə bölüşərək bunları yazıb:
“Bu sənin sonuncu fotolarındandır. Hamıya qarşı gülərüz olsan da, tək qalanda qayğılar bütün cizgilərində ifadə olunurdu. Hər kəsi düşünürdün, hamıya yetmək istəyirdin, tələsirdin... Tələsdin, elə həmin gün də, əbədi sükuta tələsdin. Ən həll olunmaz dərdi, səri nikbin ruhla silahlanıb, həll etməyi bacarırdın. İndi biz sənsizlik dərdini hamımız yığışsaq, da həll edə bilmirik. Günlər keçdikcə tək qaldığımı daha çox duyuram. Səndən öyrəndiyim kimi özümü nikbin göstərməyə çalışıram, amma bağışla, alınmır.
Ən çox gün ərzində mənimlə telefonla danışdığın vaxt aralıqları: səhərlər 9-10:30, axşamlar 21-23-də sənsizlik havası hər yeri bürüyür. İndi bir qəfil xəbər, məlumat, maraqlı video qarşıma çıxanda vərdişə görə sənə göndərmək, paylaşmaq istəyirəm, amma yoxsan! Heç nəyi, hətta sənin yoxluğunu paylaşa bilmirəm. İlk günlər özümü sıxıb, saxladım sənin üçün üzülən, başsağlığı verən şəxslərin qarşısına çıxıb, ehtiramı bildirmək, ailəmizin ağrı çəkənlərini toxtatmaq üçün. İndi zaman keçdikcə dərd üstümə gəlir, indi sənin yoxluğunun gerçəyi dərk etməyə başlayıram. İsti-isti ağrını dərk edə bilmirdim, indi ağrı acı gerçək kimidir, dəyişilmir! Həmişə görüşəndə mən səndən vaxt soruşurdum, indi də soruşuram, nə vax görüşürük? Həmişə sən məni gəlib evdən, işdən götürürdün, həmişə də gecikirdin. İndi də gecikirsən, özü də çox!”.