Aparıcı Hacı Nuran Hüseynov bir müddət əvvəl sui-qəsd cəhdi nəticəsində yaralanan millət vəkili Fazil Mustafanı ziyarət edib.
OLAY yazır ki, deputatın evindən fotolar paylaşan aparıcı onun ünvanına xoş sözlər deyib:
“Millət vəkili, Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Qəzənfər oğlu Mustafa. O, mənim üçün təkcə Türkiyə və Azərbaycanda nəşr olunmuş 19 kitabın, yüzlərlə elmi, publisistik məqalənin müəllifi deyil. Fazil Mustafa həm də savadlı, bilikli, elmli bir insandır. Geniş dünyagörüşünə malik olan əsl ziyalıdır. Onunla söhbət də maraqlıdır, diskussiya da. Təkcə siyasətdən deyil, cəmiyyətin istənilən sahəsindən bircə kəlmə soruşmağın kifayətdir ki, Fazil Mustafa sənə hərtərəfli cavab versin, fikrini əsaslı izah etsin. Son günlər uğradığı sui-qəsd planının suya düşməsi onu daha mətin edib.
Onsuz da heç nədən qorxusu yox idi. Məlum hadisədən sonra lap cəsarətli olub. “Mən ölümün gözünə dik baxdım” deyir . Əslində, onunla çoxdan görüşmək İstəyirdim. Qismət bu günə imiş. Həm də bir az toparlanmasını, özünə gəlməsini istədim. Hər necə olsa da, terrora uğramışdı. Hadisəni çox dəqiqliklə xatırlayır, danışdıqca detalları unutmamağa çalışır. Ondakı təmkimə, səbrə heyranam. O danışır, əvəzində mən narahat olurdum. Hünər ona ki, atəş açılan vaxt özünü itirməyib. Demək, həm də qorxmaz adamdır Fazil Mustafa. Mən İndiyə qədər onunla bir millət vəkili, bir hüquqşünas, bir cəsarətli ziyalı kimi fəxr edirdim, bundan sonra isə qorxmaz, cəsur bir dost kimi qürrələnəcəm. Keçmiş olsun, əziz insan. Allah xatadan qorusun”.