ARB TV-nin icraçı direktoru Rəşad Məmmədov “SOY” prodakşının rəhbəri Oqtay Əliyevlə son söhbətindən danışıb.
OLAY yazır ki, bu barədə o, “Söhbət var” proqramında açıqlama verib.
R. Məmmədov deyib ki, qəza olan gün O. Əliyevlə görüşməliymiş:
“Oqtay müəllimlə dostluğumuz, həmkarlığımız 5 ilə təsadüf edir. Çox böyük yoldan keçdik, həm gözəl dost olduq, həm də gözəl iş yoldaşları. Hər dəfə harasa gedəndə zəng ediridi ki, haradasız? Deyəndə ki, filan yerdəyəm, əsəbiləşirdi. Deyirdi ki, nə vaxt gələcəksiz, filan işi görmək lazımdır, ideyam var. Hadisə günü zəng etmişdi ki, haradasız, söylədim ki, Bakıdayam. Dedi ki, gəlirəm, görüşək, fikirlərim, ideyalarım var, bu işləri görməliyik. Dedim ki, siz narahat olmayın, mən gəlirəm. Evdən çıxmağa hazırlaşırdım ki, qəza xəbərini eşitdim.
O gün maraqlı bir şey oldu. ARB TV-də yayımlanan “Aclıq oyunları” verilişinin çəkilişləri idi. Oqtay müəllim münsif idi, əyləşdi, işıqlar, kameralar quruldu. Çəkilişin sonuna yaxın operatorlara irad bildirdi, dedi ki, o işığı söndürün. Televiziyada olanlar bilirlər ki, başının üstündə işıq qurulur. Operatrlar təəccübləndilər, dedilər bu günə qədər olan işdi, bunun birdən-birə söndürülməsini istəyirsiz. Bilmirəm, bunu başa düşürdü, o işığı özü bilərək söndürdü, ya necə. Onun gedişi gözlənilməz oldu. Televiziyada yaratdığı, gördüyü işlərə nəzər yetirsək, uzun illər boşluq qalacaq”.