Müğənni-bəstəkar İntizar Məmmədzadə həmkarı Murad Ariflə arasında baş verən qalmaqaldan söhbət açıb.
OLAY yazır ki, o, bu barədə “Səhərin səsi” proqramında danışıb. Sənətçi bildirib ki, Murad Ariflə münasibəti mahnıya görə pozulub:
“Ona dedim ki, niyə mahnımı məndən xəbərsiz efirdə oxuyurlar? Özünün oxumasına heç nə demədim. Amma bu sualıma heç bir cavab almadım. Sonra işdən, insandan soyudum. Salam-sağ olu kəsmədim, amma münasibətimiz pozuldu. Birlikdə iş görməliyiksə, siz birlikdə işləyirsinizsə, mən artıq yoxam orada”.
Daha sonra aparıcı Samir Bayramlı müğənni Murad Arifə zəng edib və onu efirə qoşub. M. Arif İntizarın bu sözlərinə cavab verib:
“İntizar mənim qardaşımdır. Ürəkdən qucaqlayıram və onun sənətini, özünü sevirəm. İntizarın istənilən solo layihəsinə o qədər dəstək olmuşam. Dəfələrlə verilişimdə qonaq olub. İstedadlı insanlar tənbəlliyə meyillidir. İntizarı o cərgədə görmək istəmirəm. Mahnı ilə bağlı onu deyə bilərəm ki, mövzu yoxdur. İntizar 2008-ci ildə öz aləmində məndən aldı.
Ona dedim ki, lap pulsuz, hədiyyə kimi də verərdim: “Bu, sənin ilk addımlarındır, təbii ki, sənin mahnındır. Onu sənin tərzini təsəvvür edərək yazmışam”.
Mahnının adı “Səni gözləyirəm” idi. Dedim ki, Natavan Həbibini bu mahnıda görmək olardı. İkinci mahnını yazdım, qıraqda dayandım. Təbii ki, hamımızın qayğılarımız, işlərimiz var. Burada problem ondadır ki, bu klip İntizar tərəfindən çəkilməli idi. Çünki onun mahnısı idi. Xahiş edirəm, həm mənim, həm də Natavanın üzərindən məsuliyyəti götürün. İntizarın fəaliyyətində gəl-getlər var. Bu günə qədər neçə insan efirdə haqqımda danışıb, amma heç bir cavab verməmişəm. Ancaq mövzu doğma insandırsa, İntizardırsa, efirə qoşuldum”.
Nigar Namiq