Xalq artisti Brilliant Dadaşova “Zaurla Günaydın” verilişində Azərbaycan Televiziyası haqda səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
OLAY yazır ki, sənətçi öz instaqramında arxiv videosunu paylaşaraq AzTV-dən uzaqlaşdırılma səbəbindən söz açıb:
“Artıq 3 il idi ki, səhnədə idim və ilk solo konsertim çəkilirdi. AzTV rəhbərliyi Rafiq Babayevə demişdilər ki, bu mahnı çəkilməsin, çünki “Topxana” meşəsi ermənilər tərəfindən yeni dağıdılmışdı və biz mitinqlərə gedirdik. Bu mahnı türk musiqisi olduğu üçün “qonşularımızı” qıcıqlandıra bilərdi. Mən dedim ki, cəmi 8 mahnım var, məhz bu musiqi olmasa, solo konsert istəmirəm. Rafiq Babayevin təkidi ilə bu musiqi çəkildi. O vaxt qonşularımızın düşmən olduğunu artıq təzə-təzə hiss etməyə başlamışdıq. İndi isə evimizin içində belə nə qədər düşmənimiz olduğunun şahidi oluruq. Bizə qarşı açıq mübarizə apara bilməyənlər - İnformasiya müharibəsi ilə gözdən salma kampaniyasından tutmuş qaralama, şər-böhtan atma və sairə yollara əl ataraq öz ana dilimizdə bizə hücumlar edirlər”.
Qeyd edək ki, Dadaşova sözügedən proqramda bu fikirləri səsləndirmişdi:
“1988-ci ildə “Ər igidlər” mahnısını oxudum. Televiziyanın sədri çağırdı ki, 2 ildir işə düzəlmisən, universitetdə oxuyursan, bu nə mahnılardır? Sənə töhmət yazırıq, amma işdən çıxarmırıq. Töhmət ala-ala gəldim çıxdım bu yerlərə. Həmişə mübariz mahnılar oxumuşam, amma gəldilər məni işdən çıxardılar. “İkiyə bölünən Azərbaycan”, “Xudafərin körpüsü” kimi mahnılar səsləndirmişdim. O vaxt heç kim belə mahnı oxumurdu. Onda mən də öz cəbhəmdə vuruşurdum. Amma gəldi öz cəbhəmiz məni işdən çıxardı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra hər şey dəyişdi. Televiziyada Babək adlı sədr mənə zəng vurdu ki, Ulu öndər tapşırıb hansı ziyalı işdən çıxarılıbsa, yenidən işə götürün. Elə sevindim ki... 100 manat maaş da bizim üçün böyük idi. İndi sağ olsunlar, maaşı da bağlayıblar, AzTV-də maaş da yoxdur”.