Avroviziya təmsilçilərimiz Tural və Turan Bağmanovlar doğulduqları Zaqatala rayonunun digər bölgələrə nisbətən müasir olduğunu söyləyib.
OLAY yazır ki, bu barədə onlar “Sabahın xeyir, Azərbaycan” verilişində danışıblar. Əkizlər söyləyib ki, rayonda çox azad böyüyüblər:
“Zaqatalaya yayda gedəndə görürsüz ki, insanlar tamam müasir və fərqlidir. Digər rayonlarda bəzi məhdudiyyətlər var ki, onları edə bilmirsən bizdə isə bu çox azdır. Mən rayonda çoz rahat və azad böyümüşəm.
Məsələn, musiqi üzrə fəaliyyət göstərirsən, gəlib desinlər ki, bu nədir gic-gic işlərlə məşğulsan. Belə bir şey olmayıb. Digər rayonlara nisbətən insanların mental düşüncəsi tərəfindən müasirdir. Öz rayonumdur deyə yox, sadəcə gördüyümü deyirəm”.
Həmçinin, musiqi fəaliyyətlərindən və müsabiqədən danışan gənclər efirdə mahnı ifa etmək istəməyiblər. Aparıcılar ifaçılardan nə qədər bir zümzümə etməklərini istəsələr də, qardaşlar gitarasız oxumayacaqlarını bildiriblər:
“Fank janrında ritm məsələsi var. Fikirləşirəm ki, bu janrda akapella oxumaq qəribə olacaq. Düzgün olmayacaq. Gitara var? Yoxdursa, instrumentsiz mənasız olur”.
Turan Bağmanov müsabiqədə gitara ilə oxuyub-oxumayacaqları sualına isə belə cavab verib:
“Bununla bağlı danışıqlar gedir. Fikir var. Düşünürəm ki, səhnədə özümü instrumentlə daha rahat hiss edərəm. Çünki bizim üçün çox təbiidir. Əgər olmasa, yenə də öhdəsindən gələcəyimizə inanıram. Açığı instrument olsun, istəyərdik”.