Tanınmış rejissor, dublyaj aktyoru Kamal Yaşarın Mədəniyyət TV-də müəllifi və aparıcısı olduğu “Kinokitab” layihəsi dayandırılıb.
OLAY yazır ki, Kamal Yaşar dublyaj sahəsində vahid mərkəzləşmənin olmadığı, bu sahədə fəaliyyət göstərənlərin ciddi maddi sıxıntılar yaşadığını bildirmişdi:
“Televiziyada müəllifi və aparıcısı olduğum veriliş dayandırıldı! Bu, məhz bu gündə, milli televiziyanın yarandığı tarixdə (14 fevral) baş verdi. Təşəkkür edirəm”, - deyə, Kamal bu barədə sosial media hesabında yazıb.
Daha sonra Kamal Yaşar başqa bir paylaşım edib:
“Mövzu ilə bağlı əlavə şərh vermək istəmirəm. Mən incəsənət xadimiyəm. Bu məsələdə də özünüifadəmin məhz bu yolla daha uyğun olduğunu düşünərək bu cür yanaşma sərgiləmişəm. Çəkdiyim videoda hər şey sadə, açıq və aydın bəllidir. Əlaqədar qurumlar illərlə bu sahəni başsız qoyduqları üçün mən bunu etmişəm, məcbur qalıb ölkə başçısına bu cür müraciət etmişəm. Bundan sonrası isə artıq mənə aid deyil. Mənim işim problemi, dərdi duyurmaq idi və bu, mənim fərdi-şəxsi yox, ümumun, incəsənətin dərdidir. Bunun da başbilənləri var. Əgər düzəlməlidirsə, düzələcək. Düzəlməməlidirsə, mənim bu sahədəki adi oyunçu olaraq bunu düzəltməyə heç bir gücüm yoxdur. Bu, illərdir belə davam edirdi. Mən səssizliyi pozdum. Amma edə biləcəyim bundan artığı deyil. Əgər diqqət olsa, bu sahənin problemlərini konseptual şəkildə yazıb, planlayıb sistemləşdirmək və həll etmək su içimi kimidir. Mən və həmkarlarım durumu düzəltmək üçün dərhal səfərbər ola bilərik. Amma bu, gərək yuxarıdan həll olunsun. Bu qədər sadə. Olmayacaqsa da, olmayacaq, məndən bu qədər. Məsələyə həssaslıqla yanaşan hər kəsə təşəkkür edirəm”.
Aktyor Kamran Ağabalayev isə həmkarına dəstək paylaşımı edib:
“Bu gün sən, sabah mən, o biri gün İsfəndiyar, hələlik Kamal Yaşar?! Allah üzümüzə baxıb ki, sizin əliniz TV-yə çatır, yoxsa çaparsınız vallah... Nəyin travmasını yaşayırsınız? Kim sizə uşaqlıqda nə edib? Dili ilə Prezidentə üz tutub, “borclarım var” deyən kişinin çörəyi ilə oynayırsınız? İndi sizin işləriniz əyridir deyə, biz dövlət başçısına müraciət etməyək? Yaxşı siz niyə susursunuz, hörmətli həmkarlar? İşinizi itirə bilərsiniz? Çox hörmətli işiniz var axı?! Ən azından özünüz hörmətli olun!”.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC isə məsələ ilə bağlı açıqlama yayıb. AzTV-dən layihənin sənətçinin hansısa bir açıqlamasına görə yox, reytinqlərinin aşağı olduğu üçün dayandırıldığı bildirilib:
““Mədəniyyət” kanalının “Kinokitab” verilişi hələ ötən ilin sentyabrından yayımlanmırdı və verilişin keyfiyyət baxımından müasir tələblərlə uyğunlaşmadığı da yaradıcı kollektivə izah edilib. Bu il kollektivə daha bir imkan verilsə də, reytinq toplamadığı üçün yayımının dayandırılmasına qərar verildi. Bunu hansısa açıqlama və paylaşımla əlaqələndirmək fikri başqa istiqamətə yönləndirməkdən, süni ajiotaj yaratmaqdan başqa bir şey deyil. Onu da əlavə edək ki, “Kinokitab” verilişi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin məhsulu deyil, prodakşn istehsalıdır. Verilişin ərsəyə gəlməsində də əməyi olan şəxslər “Mədəniyyət” kanalının əməkdaşları yox, kənar müəlliflərdir”.