“Artıq neçə gündür ki, telekanallardakı verilişlərin səviyyəsi və reytinq savaşları geniş müzakirə olunur. Bir məqamı şəxsi təcrübəmə əsaslanaraq qeyd etmək istəyirəm. Bir il öncə həmin reytinq ölçən cihaz bizim uzaq kənddə yerləşən evimizə də quraşdırılmışdı”.

OLAY yazır ki, bu sözləri tanınmış jurnalist Hafiz Əhmədov Feysbukda qeyd edib. O, reytinq ölçən cihazlarla bağlı məlumatlar yazıb:

“Şirkət əməkdaşları araşdırma apardılar, sorğu etdilər və rəsmi müqavilə əsasında cihazı televizora qoşdular. Aylıq 15 manat da karta ödəniş edilirdi. Cihaz çox peşəkar şəkildə hazırlanmışdı. Evdə kim, hansı yaş kateqoriyasında, hansı saatda hansı kanala baxırdısa cihaz üzərindən dəqiq qeyd olunurdu. Məsələn, eyni proqramı 3 nəfər izləyirdisə, ayrıca qeyd edilirdi. Hətta evdəki qonaqlar (yaş və cinsi) televiziya izləyəndə belə bunu sistemdə göstərirdik. Məlumatlar operativ şəkildə internet vasitəsilə mərkəzə ötürülürdü. Şirkət əməkdaşları da çox məsuliyyətli idilər. Elektrik və ya internet problemi yarananda dərhal əlaqə saxlayıb həll edirdilər. Bəzən yoxlama məqsədilə zəng edib konkret proqramın mövzusunu belə soruşurdular. Yəni ki, həmin şəxs dəqiq o verilişə baxıbmı? Cihaz 4-5 ay evimizdə oldu və müqavilə müddəti bitəndə əməkdaşlar qaydalara ciddi əməl etdiyimiz üçün bizə təşəkkür etdilər. Bunu ona görə yazıram ki, reytinq şirkətlərini ittiham etmək doğru deyil. Reytinqi formalaşdıran da tamaşaçıdır. İnsanlar hansı proqramlara baxırsa, nəticə də ona uyğun formalaşır.

Qeyd edim ki, həmin müddət ərzində biz səviyyəsiz hesab etdiyimiz proqramlara qətiyyən baxmayıb, onlara reytinq vermədik... Amma bu cihaz xeyli sayda (1000-nə yaxın) evdə quraşdırılmışdı... Yeri gəlmişkən, cihaz ilk qoşulanda evdəkilər zarafatla deyirdilər ki, görəsən səsimizi də yazır? Televizorun yanında danışmırdıq”.