Müğənni Günay İbrahimli növbəti dəfə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı siyahıda mahnısının yer alması barədə açıqlama yayıb.
OLAY yazır k, bununla bağlı o, instaqramda paylaşım edib.
Günay qurumun rəhbəri Sevinc Əliyevanın “Dikdaban” verilişindəki çıxışını paylaşaraq bu sözləri yazıb:
“Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, çox hörmətli professor, filologiya elmləri doktoru Sevinc xanım Əliyeva. Mənə zəhmət olmasa deyərdiniz “söz” olaraq tələffüz olunur yoxsa “sötz”? Biz sizdən öyrənirik. Daha öncəki açıqlamamda sizin qurumdan əsas gətirməyinizi, açıqlama verməyinizi tələb etdim.
Feysbuk səhifənizdə “rəsmi açıqlama” adlı xəbər paylaşdınız. Mütəxəssisiniz Kəmalə Onur xanım mahnıda tələffüzdə yanlışıqlar olduğunu bildirdi və bu səbəbdən siyahıya adımın əlavə olunduğunu qeyd etdi. İlk dinləməsində iki səhv aşkarladığını bildirdi. Mən də istədim cüzi sizi monitorinq edim və ilk dinləməmdə sizdə tələffüz səhvləri aşkarladım. Nə təsadüf. Bəlkə özünüz özünüzü də monitorinq edəsiniz? Qurumunuzun çox intellektual əməkdaşları var. Hörmətli Sevinc xanım, daha sonra saytlardan birinə müsahibə vermisiniz. O müsahibənizdə “O kimdir ki” adlı mahnımın məzmununu şərh etmisiniz və demisiniz ki, biz o ifadəni kimisə aşağılamaq istəyəndə bildiririk. Olduqca absurd və məntiqsiz bir şərhdi. Yenə əsas gətirə bilmədiniz. O zaman sual yaranır, bu cür mötəbər və önəmli bir qurumun 3 bir-birinə uyğun olmayan, məzmunu fərqli açıqlaması ortaya çıxır. Birinci adımı və ifamı “pis vərdişləri təbliğ edən” siyahıya saldınız və yerli mediaya yönləndirdiniz.
İkinci olaraq “rəsmi açıqlama” adı altında tələffüzü əsas gətirdiniz. Üçüncü də sizin açıqlamanız. Səbəb nə idi? Niyə mənə qarşı bir çirkin təbliğat etdiniz? Sonra absurd açıqlamalar gətirdiniz. Qurumun 1 rəsmi açıqlaması olar. 3 yox.
Ümumilikdə 350-yə yaxın mahnının monitorinqə cəlb edildiyini söyləyirsiniz. Necə olur ki, qurumun tədbiri baş tutan ərəfədə, ordan 20-30 mahnı seçilir. “Zır kayfdayam” “Halliyam” “Ley-pey olmuşam” kimi iyrənc məzmunlu mahnıların siyahısına mənim adım və ifam düşür. Sonra hansısa ağıllı əməkdaşınız bu siyahını mediaya göndərir. Ardı bəllidir.
Əməkdaşınız Kəmalə Onur xanım söyləyir ki, o siyahı “zərərli vərdişlərdən istifadəni təbliğ edən” mahnılardan ibarət deyil, orfoepik, leksik, qrammatik səhvlər də buna aiddir. Yaxşı, ortaya yenə sual çıxır. Bu xəbər mediada işıqlananda, istinad sizin qurum gətiriləndə nə üçün saytlara bildirmədiniz ki, o siyahı tək pis vərdişləri təbliğə aid deyil? Yaxud niyə o siyahı mediaya veriləndə bölgü etmədiniz? Məsələn, bu mahnı narkotiki təbliğ edir, bu mahnıda tələffüz səhvi var və sairə. Axı saytlar sizi istinad gətirir. Düzəldərdiniz də. Niyə düzəltmədiniz? Qurumun əməkdaşları vəzifə səlahiyyətlərini aşaraq mənə qarşı qaralama edib. Cəmiyyətə məni “pis vərdişləri təbliğ edən” bir sənətçi kimi aşılayıb. Amma cəmiyyət bunu qəbul etmədi.
Nəticə etibarı ilə mənə qarşı etdiyiniz səhvlər göz qarşısındadı. Heç bir əsas gətirə bilmədiniz. Bir-birini təkzib edən açıqlamalar verdiniz və heç bir yeniləmə etməyərək, mediaya bildirmədiniz ki, siyahını yenidən paylaşın. Yanlışlıqlar olub. Bilməmişik. Səhvi qəbul etmək çətindir? Yəqin ki, çətindir. Səhvi qəbul etmək alilik gərəkdirir”.