Dünya çempionatı təkcə meydandakı mübarizə ilə deyil, sosial mediada yaratdığı təsirlə də yadda qalıb. İspaniyanın çempionluğu ilə başa çatan turnirdə bəzi futbolçular kuboku qazana bilməsələr də, milyonlarla yeni izləyici qazanaraq,sosial şəbəkələrin qaliblərinə çevriliblər.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, “Front Office Sports”un hazırladığı reytinqə əsasən, DÇ zamanı instaqramda ən çox izləyici qazanan futbolçu Norveç millisinin hücumçusu Erlinq Haaland olub.
Norveçli ulduz turnir ərzində hesabına 32 milyon yeni izləyici əlavə edib. Haalandın meydandakı çıxışı ilə yanaşı, gündəlik həyatı ilə bağlı paylaşımları və yumoristik videoları da sosial mediada böyük maraq doğurub.
Reytinqdə ən böyük sürpriz isə Kabo-Verde millisinin qapıçısı Vozinya olub.
DÇ-yə cəmi 50 min izləyici ilə başlayan 40 yaşlı qapıçı turnirdən sonra təxminən 29 milyon yeni izləyici qazanıb. Vozinya ölkəsinin tarixində ilk dəfə iştirak etdiyi DÇ-də göstərdiyi möhtəşəm oyunla dünyanın diqqətini çəkib.
Qapıçı İspaniya ilə matçda komandasına kömək edib, 1/32 finalda isə Argentinaya qarşı görüşdə 18 seyv edərək, böyük rəğbət qazanıb.
Siyahıda üçüncü pilləni Kriştianu Ronaldo tutub. Portuqaliyalı ulduz turnir zamanı 22 milyon yeni izləyici əldə edib.
Cud Bellinqem 12 milyon artımla dördüncü, Neymar isə 8 milyon yeni izləyici ilə beşinci olub.
Finalda məyusluq yaşayan Lionel Messi isə ilk beşliyə düşə bilməyib. Argentina kapitanı turnir ərzində 7,5 milyon yeni izləyici qazanıb.
Beləliklə, DÇ-nin meydandakı ən böyük ulduzları ilə yanaşı, sosial mediada da yeni qəhrəmanları ortaya çıxıb. Kabo-Verdenin qapıçısı Vozinya isə turnirin ən gözlənilməz “rəqəmsal qalibi” kimi tarixə düşüb.

