Rusiyanın Avroviziya-2021 mahnı müsabiqəsindəki təmsilçisi, BMT-nin Qaçqınlar üzrə Agentliyinin Rusiyanın ilk xoşməramlı səfiri, müğənni Manija Ukraynadakı hərbi əməliyyatlardan danışıb.
OLAY yazır ki, sənətçi instaqramda post paylaşaraq sülh istədiyini qeyd edib.
Müğənni bildirib ki, uşaqlar, qadınlar, əsgərlər ölür:
“600 mindən çox insan öz doğma yurd-yuvasını tərk edib, var-dövlətini qoyub. Milyonlarla insan sığınacaqlarında qalır. Uşaqlar qorxudan travma almış bütöv bir nəsildir”.
Manija deyir ki, bütün bu vaxt ərzində gözünün önünə uşaqlıq təsvirləri gəlir: “Əziz Düşənbə, anama deyirlər ki, evimizə mərmi düşüb, atamı tapa bilmirlər. Sonra anam bütün şəhəri gəzir və mən onun qucağında qışqırıram, hətta uzun müddət gəzdiyimizi başa düşmürəm, çünki nəqliyyat yoxdur, ancaq atəş var. Budur, hava limanındayıq, anam çantaları öz üstündə sürüyür. Anam vətənlə vidalaşaraq ağlayır”.
İfaçı yeganə ümidin danışıqlar olduğunu vurğulayır:
“Razılaşın. Hər kəsə sülh lazımdır”.