Fotosessiya
Fotosessiya

Xanımı Polad Haşımovla tanış olmasından danışdı

Xanımı Polad Haşımovla tanış olmasından danışdı

“Yaz ayları idi. Polad hərbi formada deyildi, kostyum geyinmişdi. O vaxtadək tanımamışam onu. Bizim uzaq qohumluğumuz olub. Polad da mənim kimi Qəbələnin Vəndam kəndindən olsa da, Sumqayıtda böyümüşdü. Həm də hərbçi idi, kəndə çox az gəlirdi. Ailəsi onu evləndirməyə qərar verəndə məni məsləhət görüblər. Deyiblər ki, belə bir yaxşı ailənin yaxşı qızı var. Valideynlərimə də bildirdilər. İki ailə qərar verdi ki, əvvəlcə bizi görüşdürsünlər”.

OLAY yazır ki, bunu “Azərbaycan” qəzetinə müsahibəsində Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xanımı Ofelya Salmanova həyat yoldaşı ilə bağlı xatirələrini danışarkən deyib.

Ofelya xanım mərhum həyat yoldaşı ilə bağlı xatirələrini bu sözlərlə dilə gətirib:

“İndiki kimi telefon, sosial şəbəkə yox idi ki, şəkillərimizi bir-birimizə göstərsinlər. Polad Həşimov bir dəfə kənddə toya gələndə məni görübmüş. Ancaq adımı, kimin qızı olduğumu öyrənməyə macal tapmadan hərbi hissəyə qayıdıbmış. Biz görüşəndə o bildi ki, elə toyda gördüyü həmin qızam. Mən isə ilk baxışdan diqqət etdim ki, dövrünün gənclərindən çox seçilir... İyirmi səkkiz yaşı vardı. Çox çətinliklərdən keçən insanlar yaşıdlarından daha yetkin olurlar. Onun da dünyagörüşü, danışığı, həyata baxışı, fikirləri çox fərqli idi. Mən də magistraturada ikinci kursda oxuyurdum, iyirmi üç yaşındaydım, artıq həyata öz baxışım, öz yanaşmam vardı. Polad fiziki olmasa da, yenə bizim yanımızdadır. Ömrümüzü onun üçün yaşayırıq. Amma bir kəlmə soruşmaq var ha... Polad, neyləyim? Və cavab almamaq var... O çox çətindir. Ancaq düşünürəm ki, şükür Allaha, ondan sonra həyatımızı davam etdirə bilirəm... Çalışıram hər şey onun görmək istədiyi kimi olsun. Qızım bir dəfə mənə dedi: “Bizim həyatda heçmi səhv etmək şansımız yoxdur? Çünki insanlar elə bilirlər, məsələn, imtahandan biz ancaq beş almalıyıq. Cavab verdim ki, əlbəttə, içindən çıxmağınız müşkül olan çətinliklə qarşılaşa, qərarlarınızı düzgün verməyə bilərsiz. Həyatdır... Önəmli olan özünü hər gün bir az da inkişaf etdirmək, mənəviyyatı, insanlığı, əxlaqı və ən əsası Polad Həşimovun ad-sanını qorumaqdır”.