“Oktyabrın 5-də Gəncə şəhərinin Filarmoniyasında bacım Şahnaz Haşımovanın yubiley-solo konserti olacaq. Allah izn versə, mən də orada olacağam. Vaxta az qalıb, əziz gəncəbasarlılar”.
OLAY yazır ki, bu sözləri 56 yaşlı Əməkdar artist Aybəniz Haşımova instaqram səhifəsində paylaşdığı postda yazıb.
67 yaşlı bacısı, Xalq artisti Şahnaz Haşımova ilə birgə uşaqlıqda və bir neçə il əvvəl lentə alınan fotoları yayımlayan sənətçi onunla duet hazırladığını bildirib.
Bacısının konsertində Ş. Haşımova ilə bir səhnəni bölüşəcəyini söyləyən Aybəniz həyəcanından söz açıb:
“Ötən gün Şahnaz xanımla onlayn məşq edirdik. Şahnaz xanım söyləyir ki, gəl, birgə duet hazırlayaq. Mahnının adını deməyəcəyəm, qoy, sürpriz olsun. İndi Şahnaz xanım oxuyur. Məni dərd alıb, görəsən, necə ifa edim ki, o, bəyənsin? Elə bilirdim ki, mən böyümüşəm… Hələ də həyəcanlanıram, ürəyim titrəyir, soyuq tər basır… Az qalıram, deyim ki, qadanı alım icazə ver, elə zalda əyləşim, səni dinləyim. Bu, nədir belə, ay sizə qurban olum? Bu həyəcan niyə məndən getmir? Elə yeni sənətə başlayan dövrdə necə idim, indi də gördüm ki, belədir. Deməli, yaşın artmasının bu işlə heç əlaqəsi yox imiş. Mərhum Şövkət Ələkbərovanın və bacım Şahzan xanımın qarşısında illər keçsə də, bu vəziyyət dəyişməz olaraq qalıbmış… Amma çarə yoxdur, oxumalıyam! Allah Şahnaz xanıma can sağlığı versin. O billur, dağ şəlaləsi kimi qəlblərə sərinlik verən bulaq səsi dünyamızdan əskik olmasın”.