Fotosessiya
Fotosessiya

Seriallarımızda rusca danışmaq olar?

Seriallarımızda rusca danışmaq olar?

İTV-də yayımlanan “Əqrəb mövsümü” serialı final etsə də, yaratdığı səs-küy, müzakirə davam etməkdədir. Ekran işində diqqətçəkən, hətta efirdə mübahisəyə səbəb olan məqamlardan biri də obrazların danışıqlarında bəzi rus sözlərinə yol vermələridir.

Bu mövzu “Sabaha saxlamayaq” verilişində aparıcı Rövşanə Ağasəfqızı tərəfindən dilə gətirilib.

O, bunu redaktorun işinin zəif olması, nitqdə pintiliyə yol verilməsi kimi dəyərləndirib. “SOY” prodakşının rəhbəri Oqtay Əliyev isə düşünüb ki, gündəlik həyatda da rus sözlərindən istifadə etdiyimiz üçün serialdakı obrazların da bu cür danışması normal haldır. Əksi olsa, süni bir iş ortaya çıxardı. 

Bəs hansı məşhur simanın fikri doğrudur? Ümumiyyətlə televiziya dilində rus, ya da digər əcnəbi sözlərindən istifadə etmək olarmı?

Mövzu ilə bağlı OLAY-ın suallarını cavablandıran  tanınmış teletənqidçi, BDU-nun Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli deyib ki, televiziyada, yaxud da teatrda əcnəbi sözlərdən istifadə olunması hər zaman geniş müzakirələrə səbəb olub:

“Seriallarda, filmlərdə, teatr tamaşalarında, verilişlərdə türk, rus, yaxud da başqa dillərin leksik vahidlərindən istifadəsi həmişə mübahisə yaradıb. Hansı halda biz əcnəbi dillərdən istifadə edə bilərik? İlk növbədə stiuasiya. Ekran və teatr dilləri stiuativ nitqdir. Bir obraz hansısa şəraitdə başqa dilin materialından istifadə edirsə, bunun bir əsaslandırılması olmalıdır.

Məsələn, hansısa obraz danışanda rus dilindən istifadə edir. Ya da Azərbaycan dilindəki parazit rus sözlərindən, “uje”, “ladna” kimi kəlmələrdən bəzən tiplərin dilindən istifadə olunur. Bir obraz belə danışırsa, həm də xarakter yaratmaq üçün edilir. İstənilən obraz adi danışıqda rus dilindən çox istifadə edirsə, bu, yolverilməzdir. Bizdə kino dili həm də nitq tribunasıdır, nitq mədəniyyətinin normalarının daşıyıcısıdır, düzgün danışığı təbliğ edir. Ona görə də serial dili şifahi danışıq dilinin bir qoludur. Müəyyən dərəcədə nizamlanmalıdır. Bütün obrazlar rus dilində sözlər işlədirsə, olmaz. Amma tipin xarakteri üçün buna yol verilirsə, olar”.