Azərbaycanda daha bir mükafatlandırma mərasimi ilə bağlı qalmaqal yaşanıb. Belə ki, “Zəfər Zirvəsi” adlı tədbirlə bağlı prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə bir sıra iddialar irəli sürüb.
O, instaqramda post paylaşaraq həmin tədbirin təşkilatçısının ünvanına ağır ittihamlar səsləndirib. Həmçinin, Tolik mükafata layiq görülən xanım blogerlərin -Əfruzə Əliyeva ( Apruza), Həmayıl Cəfərli (Hllyblog) və Mehin Oqtaylı (İconMekh) fotolarını paylaşıb. T. Əliyev “Bunlar (blogerlər- red) ölkədə nə işlə məşğuldur?!” yazaraq onların hansı nailiyyətlərinə görə mükafat aldıqlarını sorğulayıb.
Prodüser daha sonra yeni post paylaşaraq ona saysız-hesabsız mesajlar gəldiyini, tədbirin təşkilatçılarının pul qarşılığında mükafat payladığını iddia edib.
OLAY məsələ ilə bağlı “Zəfər Zirvəsi” tədbirinin təşkilatçısı Ləman Mirtalıblı ilə əlaqə saxlayıb. L. Mirtalıblı iddiaları yalanlayaraq sözügedən şəxslərin mükafata layiq olduqlarını bildirib:
“Bu söz-söhbətlər düzgün deyil, Tolik danışır. Mən ona cavab vermək, mübahisə etmək fikrində deyiləm. Biz tədbiri yüksək səviyyədə təşkil etdik. Qazilərimizi, şəhid övladlarını dəvət etdik. Xalq artisti Brilliant Dadaşovanı, türkiyəli müğənni Petek Dinçözü çağırdıq. Hamı razı qaldı. Bu tədbir özəl şirkət tərəfindən təşkil olunub.
Öz əməkdaşlıq etdiyimiz şəxslərə təşəkkür etdik ki, 44 günlük Vətən müharibəsində ordumuza maddi-mənəvi dəstək olublar. Blogerlərin İkinci Qarabağ Savaşında dayanmadan paylaşımlar etdikləri, sosial şəbəkələrdəki dəstəklərinə görə mükafat verilib. Biz dövlət qurumu deyilik, özəl şirkətik. Öz əməkdaşlarımız üçün bu tədbiri təşkil etdik”.