Aktyor Sənan Əlləz serial üçün xaç suyuna girib.
OLAY yazır ki, bu barədə sənətçi özü sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, “Şeyx Sənan” layihəsində rol alarkən həqiqətən vəftiz olunub:
“Yekəxanalıq kimi çıxmasın (amma çıxa da bilər). “Şeyx Sənan”dan bir səhnə. Gördüyünüz bu kadr nəinki Azərbaycan serial tarixində, eyni zamanda kino tarixində də bir ilkdir. Mənim bizdə “xaç suyuna girmək”, yəni “vəftiz” səhnəsi yadıma gəlmir. Görən varsa, əksini iddia edə bilər. Üstəlik bu səhnə xatirinə qurulan ain deyildi, real vəftiz idi.
Bəli, doğru oxudunuz. Çəkiliş qrupu və aktyor yoldaşlarım buna şahiddir. Udi-alban kilsəsində real xaç suyuna girib, duaların sədaları altında bu səhnəyə çəkilmişəm. Mən bu səhnənin çəkilişdən sonra özümdə həm İslamın, həm xristianlığın təsirini daşıyıram. Onsuz da bütün dinlər mənim üçün doğma və dəyərlidir”.
Qeyd edək ki, dahi dramaturq Hüseyn Cavidin 1914-cü ildə yazdığı “Şeyx Sənan” mənzum dramı İTV tərəfindən ekranlaşdırılıb. Eyniadlı serial 12 bölümdən ibarətdir, yeni sezonda kanalın efirində yayımlanacaq. Ekran işində Şeyx Sənanı Sənan Əlləz, Tamaranı (Xumar) Esmiralda Abdullayeva, Antonu isə Tural Əhməd canlandırıb. Çəkilişləri Qaxda baş tutan serialda Əməkdar artist Vəfa Zeynalova, aktyor Tural Baxış da rol alır.