Aslı Enver və Mehmer Günsürün baş rolunda olduğu “Disney Plus” serialı “Arayış” tənqid edilib.
OLAY yazır ki, aparıcı və prodüser Armağan Çağlayan layihənin bərbad olduğunu bildirib:
“Bu serial bütün radio və televiziya bölümlərində “Necə serial çəkmək lazım deyil” mövzusunda dərs kimi göstərilməlidir”.
Eyni zamanda, ekran işi kino tənqidçiləri tərəfindən də bəyənilməyib.
Qeyd edək ki, layihə iyunun 14-də izləyicilərə təqdim olunub. Filmin mövzusu metropol həyatına bürünmüş gənc qızın mənəvi səyahətindən bəhs edir. Nisan yaşadığı həyatda ilişib qalmış, özünü xəstə və bədbəxt hiss edən, hara gedəcəyini bilməyən bir ruhdur.
O, bu vəziyyətdən çıxmaq istəyir və bir dostu ilə “şəfa seansına” qatılır. Amma Nisanın dostunun yoxa çıxması hər şeyi dəyişəcək.
Gənc qız dostunun izinə düşməyə başlayır və şübhəli bir kult haqqında öyrənir. Dostunun yoxa çıxmasında təriqəti günahlandırsa da, verdiyi vədlərə biganə qala bilməz.
Nisan həm dostunu tapmaq, həm də ruhunu sağaltmaq üçün sirli ruha malik Tufanın arxasınca düşür.