“Azərbaycan serial bazarında ən yaxşısı “Vicdan haqqı” olub. Özüm çəkmişəm deyə demirəm. Bu, bizə lazımdır”.
OLAY yazır ki, bu sözləri “Qarşı-qarşıya” verilişində rejissor Rövşən İsax deyib.
“Bir nəfər Rövşənin qapısını döyüb dedi ki, ölkədə bunun ən yaxşı nümunəsini sən etmisən. Gəl,hansısa bir mözvuda bir serial çək, dövlətin marağı var, pulunu da veririk. Bunu dedilər? Mən serialı çəkməkdən ötrü qapı-qapı düşüb pul axtarıramsa, kimin haqqı nədir, desin, sən bunu belə etdin və sairə. Kim deyir onu? Mənim işim olmayanda kimsə qapımı döyüb deyir ki, ehtiyacın var, bu köməkliyi edirəm? 1990-cı illərə qədər serial yox idi”, - sənətçi bildirib.
Daha sonra proqramın aparıcısı Rövşanə Ağasəfqızı seriallarla bağlı bu fikirləri səsləndirib:
“Serial məsələsi bizdə tutmur. Bir “Vicdan haqqı” o dönəmdə yaxşı tutdu. Bəlkə daha çox pul olsaydı, Rövşən daha yaxşı çəkə bilərdi. Bozbaşxana, məshəkə, hırıltı olan bir serial bazarında parladı. İnsanlar ona baxdılar. O dövr üçün super idi. Hamısı dostlarımızdır. Ondan sonra yenə hırıltı başladı. Adlarını çəkəcəm küsəcəklər. “Ata ocağı”, “Bacanaqlar”... İndi də “Yuxu kimi”ni işləyirsiz. Pis, yaxşı, digərlərinə baxanda daha peşəkardır. Amma Türkiyədəki kimi “Aşk-ı memnu”, “Muhteşem yüzyıl” tərzdə seriallar olmur. Necə ki, bizdə futbol tutmur, alınmır. Eləcə də Meksika serialları kimi çəkə bilmirik. Onda oturaq yerimizdə. Nə vacibdir? Pul yox, reytinq yox, hırıltı və sairə. Zövqü korlamağa xidmıtə edir? Televiziya sosial media da uduzur. Teatr haradasa bir balaca maairfləndirici rol oynayır. Serial nə edir?”.
R. İsax isə aparıcı ilə razılaşmayıb və onun fikirlərini gülünc adlandırıb:
“Razı deyiləm ki, futbol oynamağı bacarmırıq. Bizim də əlimiz, ayağımız, beynimiz var. Sadəcə şərtlər fərqlidir. Biz Türkiyə ilə Azərbaycan seriallarını müqayisəyə gətirə bilmərik. Bu, gülüncdür. Onların iki bölüm qiymətinə bizdə bir sezon serial çəkilir. Başqa nə danışaq? Əsas səbəblərdən biri, birincisi budur. O olmalıdır ki, bazarda rəqabət yaransın, başdan sovdu ssenari yazmasınlar. Nə qədər ki, reytinq üzərindən gəlir əldə etmirik, burada inkişafdan danışa bilmərik. Bu, sintetik sənətdir. Şairlik deyil ki, bir şam, bir qələm, bir də kağızla deyim ki, şeir yazacam. Texnikası, nəqliyyatı, yeməyi var. Türkiyədə bir prodakşnda söhbət edirdik. Onlara deyəndə ki, bizdə kamera arxasında 14 nəfər var, gözləri kəlləsinə çıxdı. Dedi, biz bunu 70 nəfərlə zorla çəkirik, siz necə işləyirsiz? Bir adam bir neçə işlə məşğuldur. Desək ki, Türkiyədəki büdcəni Azərbaycandakı serial sektoruna ayrılsınlar eynisini çəkəcəyik. Bu da mümkün deyil. 1990-cı illərdə Türkiyədəki seriallara baxın, kamera əsir, musiqi dəxlisiz yerdə gedir. Bizdə serial sektorunda çalışanlara fəxri ad yox, Milli qəhrəman adı vermək lazımdır. Gecə-gündüz bir adam 15 nəfərin işini görür.
Sizin verilişiniz reytinqi çoxdur, yoxsa bizim serialın? Sosial mediada bayağı, ət tökən, ifrat şeyləri çıxmaq şərti ilə hər şey televiziyadan qaynaqlanır. Kiminsə nəyinisiə götürüb paylaşırlar. Onda bütün kanalları bağlayaq da. Sosial platformalar var. Bu qədər radikal yanaşmaq olmaz. Eyni pəncərədən baxanda teatr niyə mövcuddur ki? Sosial mediada nəsə paylaşırsansa, 1000-dən çox baxış gəlir. Azərbaycanda hansı teatrın 1000 nəfərlik zalı var? Onda teatrdan imtina edək? Sualı elə verirsiz ki, kəskin çıxır”.