Əməkdar artist “5 mərtəbəli evin 6-cı mərtəbəsi” filmində rol almasından söhbət açıb.
OLAY yazır ki, aktrisa “ATV Səhər”də çəkildiyi həmin filmin peşman olduğu tərəflərindən danışıb. İsgəndərli bildirib ki, sözügedən film “Təhminə və Zaur” qədər sevilməyib:
“Mən ümumi filmdən narazı idim. Həmişə deyirəm ki, film sevilib və artıq belə qəbul olunubsa, ona bir daha müraciət etməyə ehtiyac yoxdur. Loru dildə desək, saqqızımı oğurladılar və özüm də istədim çəkilim. Amma istədiyim kimi alınmadı. Yəni bir yaxşı iş varsa, sən onun üst səviyyəsini götürməlisən. Ya da ən azı o yaxşı iş qədər çəkməlisən. Bu nə elə oldu, nə də belə. Gözləyirdim ki, o yaxşının sırasına gəlib çıxsın. Gözlədiyim olmadı deyə, peşman oldum”.
Sənətçi səhnədə başına gələn gözlənilməz hadisələri yaşadığını da etiraf edib:
“Fors-major hallar, gözlənilməz vəziyyətlər də olur. Çünki canlı sənətdir, hər şey olur. Küsülü olduğun tərəf müqabili də olur, məcbursan, oynamalısan. Başqa çarən yoxdur. Çünki mən Sənubər deyiləm, o an səhnədəyəm. Elə olub ki, ya tərəf müqabilim, ya da mən sözlərimizi yaddan çıxarmışıq. Bir-birimizi o qədər yaxşı başa düşürük ki, vəziyyətdən çıxa bilirik. Replika gözləyən aktrisa deyiləm, situasiyaya baxıb sözümü deyirəm. Elə aktyorlar var ki, sözünü yaddan çıxarsan, dayanıb üzünə baxacaq. Deyəcək ki, “Hə, nə oldu? De sözünü”. Kömək etməyəcək. Təki sən pis vəziyyətdə qalasan”.
S.İsgəndərli müğənni olmadığı üçün peşman olmadığını, elə öz yerində olduğu da deyib:
“Hara gedirəm, “Məhəbbət olmayanda” mahnısı məni qarabaqara izləyir. 1990-cı illər idi, ətrafım da məni həvəsləndirdi ki, oxuyum. Mahnı populyarlaşsa da, əksinə olsa da, mənim üçün heç bir önəmi yox idi”.