“İctimai” televiziyada yayımlanmaqla geniş tamaşaçı kütləsinin böyük marağına səbəb olmuş “Əqrəb mövsümü” çoxseriyalı bədii filminin yaradıcı heyəti və aktyorları təltif ediliblər.
OLAY yazır ki, tədbirdə çıxış edən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov Baş Prokurorluğun dəstəyi ilə ərsəyə gəlmiş “Əqrəb mövsümü”nün sosial şəbəkələrdə müzakirələrə səbəb olmasından və izləyicilərin rəğbətindən məmnunluğunu bildirməklə filmin son günlər televiziya məkanında ən çox izlənən seriallar sırasında olmasını qeyd edib.
Bildirilib ki, serialda çətin və şərəfli prokurorluq peşəsinin incə məqamlarının göstərilməsi ictimaiyyətin böyük marağına səbəb olub. Gənclərin zərərli vərdişlərdən çəkinməsi və ümumilikdə cəmiyyətin hüquqi maariflənməsi baxımından bu kimi layihələrin gələcəkdə davam etdirilməsi üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.