Maraqla gözlənilən “Atabəylər: Şəmsəddin Eldəniz” serialının çəkiliş tarixi müəyyənləşib.
Bu barədə OLAY-a sözügedən ekran işinin ssenari qrupunun rəhbəri, yazıçı Varis Yolçuyev məlumat verib. O bildirib ki, çəkiliş prosesi martın sonunda reallaşacaq:
““Atabəylər” serialının çəkilişləri başlamayıb. Hələ martın sonu aprelin əvvəli başlayacaq. Ssenari hazırlanıb, rejissor təyin olunub. Sadəcə qısa bir tizer təqdim olundu. Hər şey plana uyğun gedir.
Varis onu da qeyd edib ki, ekran işi üçün Türkiyədən rejissor çağırılıb:
“Rejissor Türkiyədən gəlmişdi. Üç mərhələli kastinq olacaq. Çünki rollar çoxdur, xeyli adam çağırılacaq, epizodik rollar da kifayət qədərdir. Ona görə Mədəniyyət və İncəsənət Universitetindən tələbələr cəlb olunur. Serialın uzunmüddətli olacağı gözlənilir. Birinci mövsüm 24 bölümdür. Ondan sonra “Turana doğan günəş” adlı davamı çəkiləcək. Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslandan bəhs olunacaq”.
Qeyd edək ki, ilk tarixi serialımız AzTV-də yayımlanacaq.