“Telegram” sosial şəbəkə platformasının sahibi, milyarder iş adamı Pavel Durov həbs olunduqdan sonra ilk dəfə Fransanı tərk etməsi xəbərinə münasibət bildirib.
OLAY yazır ki, Durov “Telegram” kanalında Parisdən getməsi ilə bağlı məlumatı şərh edib.
Pavel həqiqətən də Fransa paytaxtını tərk edərək BƏƏ-yə getdiyini təsdiqləyib. Eyni zamanda iş adamı qeyd edib ki, onun işi ilə bağlı istintaq davam edir:
“Eşitdiyiniz kimi, mən “Telegram”da cinayət fəaliyyəti ilə bağlı araşdırmaya görə Fransada bir neçə ay qaldıqdan sonra Dubaya qayıtdım. Proses davam edir, amma evdə olmaq əladır”.
Sahibkar həmçinin Dubaya səfəri mümkün olan fransalı hakimlərə və vəkillərinə minnətdarlığını bildirib:
“Bunun baş verməsinə icazə verən müstəntiq hakimlərinə, vəkillərimə və komandama “Telegram”ın uzun illər ərzində nəzarət, əməkdaşlıq və cinayətlə mübarizə baxımından qanuni öhdəliklərini nəinki yerinə yetirdiyini, həm də onları aşdığını nümayiş etdirmək üçün yorulmaz səylərinə görə təşəkkür etmək istəyirəm”.
Durov öz paylaşımında internet istifadəçilərinə təşəkkür edib və ümumilikdə optimist olduğunu açıqlayıb:
“Mən həmçinin bu gözlənilməz səyahət zamanı məni dəstəkləyən bütün dünyada milyonlarla insana dərin minnətdarlığımı bildirirəm – bu mənim üçün çox şey ifadə etdi. Bizim milyardlıq cəmiyyətimizin öhdəsindən gələ bilməyəcəyi heç nə yoxdur”.
Qeyd edək ki, ötən həftə sonu məlum olub ki, “Telegram”ın yaradıcısı Pavel Durov Parisi tərk edib. Bu, onun 2024-cü ilin avqustunda Fransada həbsindən sonra ilk dəfədir ki, baş verir. Onun sözlərinə görə, məşhur “Telegram”ım təsisçisi məhkəmənin icazəsi ilə Dubaya gedib.
Xatırladaq ki, Durov avqustun 24-də “Le Burje” hava limanında saxlanılıb. Bir neçə gün sonra o, qeyri-qanuni əməliyyatlar üçün onlayn platforma işlətmək, hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etmək və mütəşəkkil qrupun tərkibində cinayətləri gizlətmək də daxil olmaqla bir neçə ittihamla ittiham olunub. Milyarder 5 milyon girov müqabilində Fransadan çıxmasına qadağa qoyularaq sərbəst buraxılıb.