Qazaxıstanın PR, marketinq sahəsində fəaliyyət göstərən “The Insider” şirkəti ilə Azərbaycanın influenser marketinq xidmətləri təqdim edən “FOXY Platforma” şirkəti birləşərək Azərbaycanda “FOXY İNSİDER” adlı yeni şirkət yaradıb.
OLAY yazır ki, yeni şirkətin yaradılması Qazaxıstan və Azərbaycandan əməkdaşların, influenserlərin, media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə elan edilib.
Rəqəmsal marketinq, İnfluencer marketinq, PR, tədbirlərin təşkili və marketinqin bütün qolları üzrə fəaliyyət göstərəcək “FOXY İNSİDER” bu sahədə iki ölkə şirkətinin səhmdarlığı ilə yaradılan ilk şirkətdir.
Yeni yaradılan “FOXY İNSİDER” şirkətinin direktoru bu sahədə uzun illər təcrübəyə malik Xəyalə Məmmədovadır:
“Bu şirkətin yaradılması ilə ilkə imza ataraq Qazaxıstan və Azərbaycan marketinq bazarında əlaqələrin inkişafına yol açırıq. Yeni şirkət təcrübələrdən yararlanmağa, Qazaxıstan təcrübəsindən istifadə edərək daha da inkişaf etməyə, qlobal markaların təcrübələrinin yerli bazarda tətbiqinin genişləndirilməsinə imkan yaradacaq. İnanırıq ki, çoxillik təcrübəmizə əsaslanaraq Azərbaycan bazarında daha böyük uğurlar qazanacağıq”, - deyə, şirkətin direktoru bildirib.
Qeyd edək ki, tədbirdə 100-ə yaxın influencer iştirak edib.