Ab-hava
Ab-hava

Müasir bəla: Yaddaş problemləri, yuxu pozğunluğu...

Müasir bəla: Yaddaş problemləri, yuxu pozğunluğu...

“Asılılıq dedikdə hər hansısa bir şəxsin müəyyən bir davranışa, maddəyə, fəaliyyətə qarşı inkişaf etmiş həddindən artıq bağlılığı nəzərdə tutulur. Yəni, bağlılıq o qədər yüksəkdir ki, həmin şəxs bu prosses üzərində nəzarətini itirir. Asılılıq həm fiziki, həm psixolojidir və ona görə də vəziyyət fərdin həyatını, adətən, mənfiyə doğru dəyişmiş olur. Asılılıqların müxtəlif növləri olur, əsasən isə iki növ asılılıqdan danışırıq: maddə və davranış”.

OLAY yazır ki, bu sözləri News24.az-a açıqlamasında psixoloq Elşən Ələsgərli deyib.

Psixoloqun sözlərinə görə, maddə asılılığı dedikdə insanların alkoqoldan, n*rkotikdən və digər zərərli maddələrdən asılılığı nəzərdə tutulur. Bu, onların həyat keyfiyyətini aşağı salır, sağlamlığını təhlükə altına alır. Davranış asılılığı isə adətən, müəyyən fəaliyyətlər - internet, video oyunlar, sosial mediadan asılılıq və sairdir. Hazırda isə son dövrlərin müasir bəlasına çevirilən qısa video asılılığı da bu növ asılılıqlardan sayılır.

“Qısa video asılılığının təsirləri iki qrupa bölünür: fiziki və psixoloji. Fiziki təsir olaraq yuxu pozğunluğu, görmə problemləri, boyun və bel ağrılarını görürük.

Psixoloji təsirlər isə diqqət dağınıqlığı, davranış fokuslanması qabiliyyətinin azalması, yaddaş problemləri, həmçinin sosial qabiliyyətlərin və iş qabiliyyətinin itirilməsi ilə özünü göstərir.

Bütün bunlarla yanaşı, qısa video asılılığı konsentrasiya və düşüncə qabiliyyətini də azaldır. Beyin o qədər qısa videoya yüklənir ki, uzun və ya davamlı bir prosesin gedişini apara bilmir. Nəticədə isə insanlar dərin məlumatlar əvəzinə, çox səthi məlumatları qəbul etməyə başlayırlar. Bu da analitik düşüncəni zəiflədir, uzunmüddətli məlumatı qavramaq çətinliyi yaradır. Məsələn, tələbə və ya şagirdlər tədris prosseslərinə diqqət yetirə, dərslərini oxuya bilmirlər. Oxuduqlarını da anlaya bilmirlər və s”, - deyə o bildirib.