Media
Media

Qubaya film çəkilişinə gedənlərin maşını dərəyə aşdı - Ölən var

Qubaya film çəkilişinə gedənlərin maşını dərəyə aşdı - Ölən var

Quba-Xınalıq yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rayonun Qalayxudat kəndindən keçən hissəsində baş verən qəzada bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığı bildirilib.

OLAY "Bizim.Media"ya istinadən yazır ki, qəza nəticəsində "Ford" markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Onun sıxılmış vəziyyətdə olan meyitinin çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışıblar.

Əldə olunan digər məlumata görə, qəzaya düşən avtomobil Qrız kəndinə film çəkilişi üçün yollanan texniki heyətə məxsus olub. Nəqliyyat vasitəsində sanitar təyinatlı avadanlıqlar da daşınırmış. Bildirilir ki, sözügedən film Yaponiyadan olan tərəfdaşlarla birgə çəkilir.

Qəza zamanı avtomobildə olan şəxslərdən biri dərəyə düşüb və o, təcili tibbi yardım vasitəsilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin ehtimallara görə, qəza dumanlı hava şəraitində sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Avtomobil təxminən 100 metr hündürlükdən dərəyə yuvarlanıb.

Hadisə ilə bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.