İncəsənət
İncəsənət

Daha bir mühüm tədbir Şuşada keçiriləcək

Daha bir mühüm tədbir Şuşada keçiriləcək

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu toplantısında iştirak etmək məqsədilə Türkiyədə rəsmi səfərdədir.

OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bu gün “Türk Dünyasının Mədəniyyəti Paytaxtı” olan Bursada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu iclası keçirilib. İclasda TÜRKSOY ölkələrinin mədəniyyət nazirləri və mədəniyyət üzrə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, eləcə də Türk dünyası beynəlxalq təşkilatlarının rəhbərləri iştirak ediblər.

Tədbirdə “paytaxt ili” çərçivəsində Bursa şəhərində həyata keçirilmiş layihələrə dair hesabat, növbəti ildə reallaşdırılması planlaşdırılan yeni proqram və layihələr, 2023-2024-cü illər üzrə Türk dünyasından görkəmli şəxsiyyətlərin elan ediləcək xatirə ili barədə müzakirələr aparılıb. 

İclasda mədəniyyət nazirlərinin yekdil qərarı ilə Türkmənistanın Anev şəhəri 2024-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilib.

Həmçinin 2023-cü il üçün tanınmış qazax bəstəkarı Temirbek Jürgenov, Qırğızıstanın Xalq artisti Baken Kıdıkeyeva, Türkiyənin istiqlal şairi Mehmet Akif Ersoy, Türk dünyasını böyük alim və mütəfəkkiri Əbu Reyhan əl-Biruni, Şimali Kipr Türk Cümhuriyyətinin tanınmış rəssamı İsmet Vehit Güneyin xatirə ili elan edilib. Toplantıda eyni zamanda 2024-cü ilin Türk dünyasında türkmən şairi və mütəfəkkirinin xatirəsinə “Məhdimqulu Fəraqi İli” elan olunması razılaşdırılıb.

Daha sonra TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı dönəm toplantısının koordinatorluğu Azərbaycanın mədəniyyət naziri Anar Kərimova həvalə edilib. 40-cı iclasın 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacaq Şuşada keçirilməsi ilə bağlı qərar verilib.

TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu iclasından sonra “Şuşa – Türk Dünyasının Mədəniyyət Paytaxtı: 2023” adlı fotosərginin açılışı keçirilib. Mədəniyyət naziri Anar Kərimov sərginin açılışını edib. Sərgi çərçivəsində Şuşaya həsr olunmuş videoçarx da nümayiş etdirilib.

Nazir Anar Kərimov tərəfindən Bursa şəhərinin valisi Yakup Canpolata “Şuşa – 270” xatirə nişanı təqdim olunub.