İncəsənət
İncəsənət

Şura Şakir Yaqubovun vəfatı ilə bağlı nekroloq yaydı

Şura Şakir Yaqubovun vəfatı ilə bağlı nekroloq yaydı

Azərbaycan Mətbuat Şurası ustad jurnalist, tanınmış qələm sahibi Şakir Yaqubovun vəfatı ilə bağlı nekroloq yayıb.

OLAY yazır ki, nekroloqda belə bildirilib:

“Azərbaycan jurnalistikasına, bütövlükdə ziyalı mühitinə ağır itki üz verib. Tanınmış jurnalist, publisist, naşir və tərcüməçi, respublikamızın əməkdar mədəniyyət işçisi, müxtəlif nüfuzlu mükafatların sahibi Şakir Yaqubov 71 yaşında dünyasını dəyişib. Mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk. 

Şakir Hənifə oğlu Yaqubov 25 fevral 1951-ci ildə Astara rayonunun Bala Şahağac kəndində anadan olub. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu fərqlənmə diplomu ilə bitirib. BDU-da təhsil aldığı illərdə o dövrün populyar mətbu nəşrləri - “Azərbaycan gəncləri”, “Bakinski raboçi”, “Molodyoj Azerbaydjana”, “Bakı”-“Baku” qəzetləri ilə sıx əməkdaşlıq edib, universitetin qəzetində müxbir kimi çalışıb. Sabiq Almaniya Demokratik Respublikasında keçdiyi hərbi xidmət illərində də jurnalistikadan ayrılmayıb, ordu ilə bağlı rusdilli qəzetdə müntəzəm yazılarla çıxış edib.

Ş.Yaqubov dövri mətbuatda işıq üzü görmüş onlarla sanballı yaradıcılıq nümunəsinin, çoxsaylı əsərlərin tərcüməçisi, publisistik kitabların və auditə həsr olunmuş 35-dən çox elmi-kütləvi nəşrin redaktoru olub. Jurnalistin müxtəlif janrlı, o cümlədən idmanla əlaqədar yazıları ayrı-ayrı toplulara, əxlaq mövzusunda "”Sevirsə, qayıdacaq…” adlı oçerki IX siniflər üçün “Ailə həyatının etika və psixologiyası üzrə müntəxabat”a (Bakı, 1989-cu il) daxil edilib. Onun “Mən şahidəm ki...”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərir”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər” kitabları ictimai-mədəni, sosial həyatın ayrı-ayrı sahələrinə dair həm ciddi bilgi mənbəyi, həm həyat bələdçisi, həm də tarixdir. Ş.Yaqubov istedadı publisistik fikri tarixlə çulğalaşdırmaq, ona salnaməçilik gətirmək bacarığındadır. 

Ş.Yaqubov adı jurnalistikamızda tələbkarlıq, təşəbbüskarlıq, prinsipiallıq simvoludur. Neçə-neçə gənc jurnalist onun dəst-xəttindən faydalanaraq, qayğısı ilə əhatə olunaraq peşəyə gəlib, ictimai həyatda tanınıb, populyarlıq qazanıb. Bu mənada ustad qələm sahibini həm də məktəb kimi xarakterizə etmək üçün kifayət qədər əsaslar var. 

Ş.Yaqubovun yoxluğu onu tanıyan hər kəs, doğmaları, əzizləri, həmkarları, yüksək dəyər verdiyi peşəsinin ona qazandırdığı saysız-hesabsız dostları üçün son dərəcə ağırdır. Azərbaycan Mətbuat Şurası olaraq onların hər birinin kədərlərini bölüşür, səbr diləyirik. Bir daha mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk. 

Allah rəhmət eləsin!”.