Oktyabrın 6-da Akademik Milli Dram Teatrında “Yay günü” tamaşasının premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən OLAY-a verilən məlumata görə, Slavomir Mrojekin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri teatrın Abbas Mirzə Şərifzadə adına səhnəsində təqdim olunacaq.
Yeni yaradıcılıq işinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Amal Ramazanov, rejissor assistenti Nərmin Həsənovadır.
Tamaşada aktyorlar Ramin Şıxəliyev, Elsevər Rəhimov və Lalə Süleymanova iştirak edirlər.
Dünya şöhrətli polyak yazıçısı Slavomir Mrojek yaradıcılığa karikaturaçı və jurnalist kimi başlayıb. Sonra hekayələr və pyeslər yazıb.
1958-ci ildə Mrojek “Polis” adlı ilk komediyasını yazıb. 1964-cü ildə onun “Tanqo” pyesi nəşr olunur və müəllifə dünya şöhrəti gətirir.
1963-cü ildə yazıçı ölkədən mühacirət edib. 1996-cı ilədək ABŞ, İtaliya, Fransa, Almaniya və Meksikada yaşayıb. 1996-cı ildə vətəninə dönüb.
2002-ci ildə yazıçı insult keçirib. 2013-cü il avqustun 15-də vəfat edib.