Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan “ADDIM” Yaradıcı Gənclər Assosiasiyası İctimai Birliyi sözügedən layihə çərçivəsində Şuşa və Bakıda silsilə tədbirlər keçirib.
OLAY yazır ki, “Welcome to Shusha” – Beynəlxalq Səyahət Bloger və İnflunserlərin Multikultural Forumu adı altında reallaşan konfransda yerli və xarici blogerlər iştirak edib. Yunanıstan, Türkmənistan, Qazaxıstan, Türkiyə, Rusiya, Şimali Kipr Türk Respublikası və digər ölkələrdən qatılan 10-a yaxın əcnəbi bloger həm Bakı, həm də Şuşa şəhəri ilə tanış olmaq imkanı qazanıb.
Layihənin ilk böyük tədbiri yerli və əcnəbi blogerlərin iştirakı ilə Şuşa şəhərində baş tutub. Onların Azərbaycan, xüsusən də Şuşa haqqında daha dolğun informasiya əldə etməsi, dünya ictimaiyyətinə çatdırması istiqamətində maarifləndirmə işləri aparılıb. Forum iştirakçıları Şuşa qalası, Cıdır düzü, Xurşidbanu Natəvanın dağıdılmış evində, Bülbülün restavrasiya olunmuş ev - muzeyində, Molla Pənah Vaqifin məqbərəsində və digər tarixi əhəmiyyətli yerlərdə olublar.
İştirakçılara işğal zamanı dağıldılan məkanların görüntüləri göstərilib. Erməni vəhşiliyinin izlərinə şahidlik edən əcnəbi blogerlər gördüklərindən çox təsirləndiklərini bildiriblər. Onlar sosial mediada etdikləri hər paylaşımda bunu detallı şəkildə izləyicilərinə çatdırmağa çalışıblar. Ümumilikdə sosial platformada 9.3 milyondan çox izlənmə olub.
Şuşa səfərindən sonra forum iştirakçıları Bakıda keçirilən konfransa qatılıblar.
Tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev də çıxış edib. O, bildirib ki, hazırda Qarabağın quruculuq işləri çərçivəsində nəhəng yenidənqurma işləri yüksək sürətlə davam edir:
“Xalqımıza məxsus yüzlərlə mədəniyyət və dini abidələr, qəbiristanlıqlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb. Şuşa şəhərində həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri bərpa edilir. Səfər iştirakçıları Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və geniş miqyaslı tikinti işlərinin həcmini və sürətini izləyə bilirlər. Bu da onların baş verənləri daha dəqiq çatdırmasına şərait yaradır. Əcnəbi qonaqların bu baxımdan hazırda Şuşaya səfərləri xüsusən əhəmiyyətlidir. Bu hərəkatın təşkilatçıları və iştirakçıları müstəqil Azərbaycanımızın və xalqımızın mənafeyini hər şeydən üstün tutaraq dövlətimiz ətrafında sıx birləşməkdə davam edirlər”.
“ADDIM” Yaradıcı Gənclər Assosiasiyası İctimai Birliyinin sədri Hüseyn Cavadzadənin sözlərinə görə, Qarabağ həqiətlərinin düynaya çatdırılması istiqamətində fəallıq göstərən blogerlərdə ölkəmiz haqqında müsbət fikirlər formalaşıb. “Onlar hər paylaşımda “mütləq Azərbaycana gəlməlisiniz” fikrini izləyicilərinə ötürürdülər. Bu isə həm də turizm sektorunda müsbət gerdönüşlərin olmasına şərait yaradır”.