Şah Mat Teatrının yaradıcı kollektivi Türkiyənin Dənizli şəhərində keçirilən ənənəvi Beynəlxalq Teatr Festivalında məşhur rumın dramaturqu Matey Visnekin "Qoca kloun tələb olunur" əsərinin motivləri əsasında hazırlanan “Üstdəki dərinliklər” adlı tamaşa ilə Azərbaycanı təmsil edib.
Teatrdan OLAY-a bildirilib ki, Çatalçeşme Oda Teatrının səhnəsində oynanılan tamaşanın quruluşçu rejissoru Mirqabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Şükür Babayevdir.
Tamaşada rolları Anar Bulud, Fərid Vəliyev, Anar İbrahimov, Səid Abbasov, Orxan Abışov ifa ediblər.
Absurd üslubunda qurulan tamaşada hadisələr üç fərqli obrazın ətrafında baş verir. Üç nəfər daim bir olmaq uğrunda mübarizə aparır. Lakin hansısa qara qüvvələr buna mane olur. Sonda müsbət xarakter kimi qələmə verilən “Ağ qüvvə” onları düşdükləri bu vəziyyətdən çıxarmağa çalışır.
Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.