“1992-ci il. Moskvadan maşın alıb gətirmişdilər. İlk böyük hədiyyəm idi. Akim Abbasovla, Şərifzadə küçəsinin kəsişməsində 5 mərtəbəli binanın 5-ci mərtəbəsində nənəmin birotaqlı evində sürürdüm onu”.
OLAY yazır ki, bu sözləri aktyor Azər Aydəmir sosial media hesabında yazıb.
O, nənəsi ilə bağlı xatirələrini bölüşüb:
“Pəncərəmiz Yasamal ATS-nə baxırdı. Artıq 4 gün idi ki, anam məni nənəmlə tək buraxmışdı. Maşının o zaman xalis dəmirdən və ağır olduğunun fərqində deyildim. Hər dəqiqə maşını nənəmin dabanına, dabandan yuxarı nayihəsinə çırpırdım. Uşaq ağlımla əyləncəli qəza edirdim. Həyətdə sürmək imkanı yox idi. Özüm düşürə bilməzdim. Nənəm isə yaşlı idi. Maşını poçt xidməti bir başa ünvana çatdırmışdı. Elə mənzildəcə sellofanını söküb bir təhər qutusundan çıxarmışdıq. Anam həftə sonu məni götürməyə gələndə yeni maşınımı görüb sevinməklə bərabər, nənəmin yaralı, sarğılı ayaqlarını görüb hiddətləndi. Əsəbiləşdi. İlk olaraq nənəmin üstünə şığıyaraq danladı. Bəs, niyə icazə vermisən evdə sürsün? Niyə səsini çıxarmırsan ki, ayağın ağrıyır? Çox nurani sima ilə gülümsəyib “Dəymə, uşaqdır. Hər dəyəndə o qədər gülüb sevinir ki, heç nə olmaz” söylədi. Anam məni də danlaya bilmədi. Bir neçə saniyə əsəbi-əsəbi üzümə baxdı. Sonra isə məni maşından düşürüb, onun ağırlığına və affekt təsirində etdiyi hərəkətə baxmayaraq 5-ci mərtəbədən aşağı tulladı. Sonra hər ikimizi qucaqlayaraq bir xeyli özünü qınadı. Hər üçümüz peşmanlıqla ağlayırdıq.
P.S. Maşın düşən yerdən, 1.5 saniyə öncə JEK- də işləyən İsfəndiyar dayı keçmişdi. Deyilənə görə, həmin hadisədən sonra namaza gəlmişdi və uzun xoşbəxt həyat yaşamışdı. Allah bütün valideynlərə, nənələrə, babalara rəhmət eləsin”.