Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə kollektivə təqdim olunub. Təqdimetmə mərasimində Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun rəhbəri Könül Cəfərova, tearın direktoru Naidə İsmayılzadə və kollektiv üvləri iştirak ediblər.
OLAY yazır ki, mərasimi giriş sözü ilə açan nazir müavini Elnur Əliyev çağdaş zamanda kadr seçimi məsələsinin inkişafın əsası olduğunu qeyd edib: “Bir neçə gün öncə Mədəniyyət naziri Anar Kərimovun əmrinə əsasən, Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. Mehriban xanımı geniş təqdim etməyə ehtiyac yoxdu. Onun daha əvvəl televiziyada, kinoda, teatrda gördüyü işlər hamıya bəllidir. Bizim mədəniyyət nazirliyi olaraq son bir ildə çalışdığımız ən ümdə məsələ təlim-təhsil və kadrların düzgün seçimi məsələsidir. Bilirsiniz ki, nazirliyin təşkilatçılığı və dəstəyi ilə az qala hər gün master-klasslar təşkil olunur, təcrübə mübadilələri üçün şərait yaradılır. Hesab edirəm ki, Mehriban xanım kimi istedadlı və zəhmətkeş bir insanın bu teatrda çalışması fərqli, yeni bir ab-hava yaradacaq. Həmçinin bu təyinat teatrın kollektivinin başqa mərhələdə, daha üstün bir komanda kimi görünməsi üçün fürsət olacaq”.
Daha sonra söz Mehriban Ələkbərzadəyə verilib. O, hər şeydən öncə ona göstərilən bu etimada görə təşəkkürünü bildirib: “Bu teatr mənə çox doğmadır. Çünki elə bu səhnədə “Cəza” tamaşasını oynayırıq. Ümumiyyətlə harda işləməyimizdən asılı olmayaraq, biz Azərbaycan teatr camiəsinin üzvüyük, istənilən yer bizim doğma məkanımız ola bilər. 90-dan artıq yaşı olan və elə 90-na yaxın aktyor heyəti olan nəhəng bir teatrdır. Bu heyətlə çalışmaq və daha böyük uğurlara imza atmaq mümkündür. Daha maraqlı və kreativ təqdimatlar bizim əsas hədəfimizdir. İnanıram ki, alınacaq və mən bu göstərilən etimadı doğruldacam”.