Dekabrın 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 illik yubiley gecəsi keçirilib.
OLAY yazır ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi yubiley gecəsində ilk olaraq nazir Anar Kərimovun yubilyar teatrın kollektivinə təbrik məktubu oxunub.
Nazirin təbrikində sənət ocağının zəngin yaradıcılıq yoluna nəzər salınıb, kollektivin hazırladığı tamaşaların hər zaman azyaşlı izləyicilərin rəğbətini qazanması, onların teatra sevgi ruhunda böyüməsində önəmi vurğulanıb. Nazir teatrın kollektivinə cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra teatrın kollektivindən Rəhman Rəhmanov, Ülviyyə Əliyeva, Elmira Hüseynova və Sona Quliyeva Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif ediliblər.
Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədr müavini, Xalq artisti Hacı İsmayılov çıxış edərək ittifaqın rəhbəri, Xalq artisti Azər Paşa Nemətovun Kukla Teatrının kollektivinə təbriklərini çatdırıb. O, Kukla Teatrının məhsuldar fəaliyyəti, zəhmətkeş kollektivi, zəngin repertuarı, yaratmış olduğu səhnə ənənələrindən söz açıb. Sonra teatrın yaradıcı heyətinin bir qrupuna ATXİ-nin fəxri fərmanları təqdim olunub.
Yubiley gecəsində teatrın repertuarındakı ən yaddaqalan tamaşalardan ibarət səhnələşdirilmiş kompozisiya təqdim edilib. Tamaşa arası səhnədə 90 il bundan əvvəl ilk kuklaçı Mollağa Bəbirlinin hazırladığı kuklaların fotoşəkilləri proyeksiyada nümayiş olunub. Böyük ekranda Səudiyyə Ərəbistanı, Rusiya, Hindistan və digər ölkələrdə fəaliyyət göstərən kukla teatrlarının təbrikləri də nümayiş etdirilib.