Bu gün Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, görkəmli xanəndə Canəli Əkbərovun xatirə gecəsi keçirilib.
OLAY APA-ya istinadən yazır ki, ilk olaraq ekranda Canəli Əkbərovun ifası yer alan video nümayiş olunub.
Tədbirin aparıcısı, Əməkdar artist Azad Şükürov C. Əkbərovun Azərbaycan musiqisində tutduğu yerdən danışıb. O qeyd edib ki, xanəndə öz həyatını Azərbaycan musiqisinin inkişafına həsr edən sənətkarlardandır.
Gecədə xanəndələr Teyyub Aslanov, Gülyaz Məmmədova, Ruzə İbişova, Bəsti Sevdiyeva və Mələkxanım Eyyubova çıxış edib.
Mərhum sənətkarın vaxtilə ifa etdiyi “Ay qəşəng ceyran” mahnısı, “Bayatı şiraz”, “Mahur”, “Şahnaz” təsnifləri və "Leyli və Məcnun" operasından görüş, "Aşıq Qərib" operasından ayrılıq səhnələri ifa olunub.
Qeyd edək ki, tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən təşkil edilib.