İncəsənət
İncəsənət

Bakıda Müstəqil Teatrlar Festivalı başladı

Bakıda Müstəqil Teatrlar Festivalı başladı

Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müstəqil Teatrlar Festivalının açılış mərasimi baş tutub.

OLAY APA-ya istinadən yazır ki, tədbirin əvvəlində Ukraynada həlak olan insanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbirdə çıxış edən Xalq artisti Vidadi Həsənov özəl teatrların fəaliyyəti barədə danışıb.

O qeyd edib ki, son dövrlərdə müstəqil teatrların sayının artması inkişafdan xəbər verir: "Bu gün, nəhayət, uzun müddətdən sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda ilk dəfə Müstəqil Teatrlar Festivalı keçirilir. Festival ərəfəsində öyrənəndə ki, Bakıda 20-yə yaxın teatr var, bu, məni çox sevindirdi. Bu günlər ərzində biz sadəcə tamaşalara baxmayacağıq, həm də panellərdə iştirak edəcəyik.

Burda 11 tamaşa nümayiş olunacaq”.

Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova çıxışında nazirliyin özəl teatrların inkişafı istiqamətində gördüyü işlərdən danışıb: “Bu festivalın keçirilməsi təqdirəlayiq təşəbbüsdür. Nazirlik olaraq son illər özəl teatrların inkişafına dəstək məqsədilə davamlı olaraq layihələr həyata keçiririk. Mən təşkilatçılara təşəkkür edir, festival iştirakçılarına uğurlar arzulayıram”.

Tədbir çıxışlarla davam edib.

Qeyd edək ki, festival mart ayının 6-na qədər davam edəcək.