İncəsənət
İncəsənət

Azərbaycan Milli Xalça Muzeyində yeni sərgi açılıb

Azərbaycan Milli Xalça Muzeyində yeni sərgi açılıb

Martın 1-də Azərbaycan Milli Xalça Muzeyində “Min naxış bir çul üstündə” sərgisi açılıb. Sərgidə muzeyin kolleksiyasında yer alan, ölkəmizin müxtəlif guşələrində - Bakı, Şirvan, Qazax, Qarabağda toxunmuş bir-birindən gözəl, zəngin naxışlı 25 çul nümunəsi təqdim edilir.

OLAY yazır ki, Çul müxtəlif minik və ya yük daşıyan ev heyvanlarının (at, dəvə, eşşək, öküz və s.) belini örtmək, bəzən də onları bəzəmək üçün toxunan örtükdür. Azərbaycanda çul əsasən xovlu və xovsuz xalçatoxuma texnikası, bəzən də tikmə (güləbətin, təkəlduz, cülmə), qurama üsulları ilə istehsal olunurdu. Mərasimlərdə, el bayramlarında at və dəvələrin əzəmətli, yaraşıqlı görünməsi üçün üstlərinə çul salınırdı. Qışda isə çul heyvanları soyuqdan qorumaq üçün istifadə edilirdi.

Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış e.ə. II minilliyə aid gildən düzədilmiş at fiqurunun üzərindəki gül-çiçək bəzəkli çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənli təpəsində aşkarlanmış e.ə. I minilliyə aid qızıl camın səthindəki aslan təsvirinin üstündə çulun olması bu xalça məmulatının tarixinin qədimliyini sübut edir. Təbriz miniatür sənətinin tanınmış nümayəndələrinin yaratdıqları əsərlərdə də zəngin naxışlı çul təsvirlərinə rast gəlinir.

Orta əsrlərdə hökmdar və saray əyanlarının atları üçün xüsusi sifarişlə toxunan çullar yun, rəngbərəng ipək, bəzən də qızıl, gümüş saplardan hazırlanır, daş-qaşla bəzədilirdi.

“Min naxış bir çul üstündə” sərgisi aprelin 1-dək davam edəcək.