İncəsənət
İncəsənət

Aygün Bəylərin anım günüdür...

Aygün Bəylərin anım günüdür...

Bu gün Əməkdar artist Aygün Bəylərin vəfatından bir il ötür.

OLAY yazır ki, Aygün Hümmətova (Bəylər) 1975-ci il avqustun 22-də Bakıda anadan olub. İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.

1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirir və 13 yaşlı Aygün filarmoniyaya qəbul edilir. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir.

Müəllimi Bəylər Quliyevin adını özünə səhnə təxəllüsü götürüb. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayır.

1986-cı ildən Azərbaycan Televiziya və Radiosunun solisti olub. 1987-ci ildə sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yeri tutub. Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ və digər dövlətlərdə təmsil edib.

6 yanvar 2024-cü ildə ölümü ilə bağlı xəbərlər yayılsa da, Mədəniyyət Nazirliyi bu xəbərləri təkzib edib. Vəziyyətinin ağır olduğu, saat 22:50-də Ankara-Bakı reysi ilə Azərbaycana gətiriləcəyi açıqlanıb.


Bir neçə saat sonra Mədəniyyət Nazirliyi Aygün Bəylərin Ankara şəhərində vəfat etdiyini təsdiqləyib. Faktı Aygün Bəylərin prodüseri də qəbul edib. Müğənninin nəşi Bakıya 7 yanvar tarixində gətirildi.

8 yanvar, saat 11:00-da Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evində vida mərasimi keçirilib. Mərhum vida mərasimindən sonra Suraxanı kənd qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!