İncəsənət
İncəsənət

“Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti”

“Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti”

Milli Azərbaycan Tarixi Muzeyində “Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” kitabının təqdimatı keçirilib.

OLAY yazır ki, tədbir – Yusif Ağayevin “Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” kitabının təqdimatı, istər Azərbaycan tarixişünaslığının, istərsə də vətən mədəniyytəşünaslığının əlamətdar hadisəsi ilə bağlıdır. Məlumdur ki, Nizami Gəncəvinin əsərləri orta əsr Azərbaycan tarixi, coğrafiyası, etnoqrafiyası, elm və mədəniyyəti barədə məlumat verən əvəzsiz mənbələrdir. Bunula belə, təqdim edilən kitab sübut edir ki, dahi şairin poemaları, həmçinin XI – XIII əsr hərb tarixi barədə də dəqiq və hərtərəfli məlumat verir. Belə ki, poemalarda silah növləri, qoşunların döyüş düzülüşü, hərbi strategiya və taktika, hərbi hüquq və hərbi hazırlıq haqqında maraqlı məlumatlar verilmişdir. Çoxlu sayda illüstrativ materiallardan istifadə edən Yusif Ağayev şairin əsərlərindəki məlumatları dövrün digər mənbələri ilə müqaуisə etmiş və müvafiq parallellər aparmışdır. 

Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tədbirin əhəmiyyətindən danışaraq, Azərbaycan hərb tarixinin tədqiqi və təbliğinin vacibliyini vurğulamış, bu prosesdə müxtəlif mənbələrə müraciət edilməsinin xüsusi əhəmiyyətini qeyd etmişdir. 

Sonra Azərbaycan Milli Məclisinin deputatı, filalogiya üzrə fəlsəfə doktoru Tahir Rzayev çıxış edərək, vurğuladı ki, “orta əsr Azərbaycanın müxtəlif sahələrinin öyrənilməsi baxımından Nizami Gəncəvinin əsərləri əsl ensiklopediyadır və hərb tarixi barədə onun poemaları doğrudan da zəngin məlumat bazasıdır”.

Tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov çıxışında qeyd etmişdir ki, Yusif Ağayev Azərbaycan ictimaiyyətinə bir sıra elmi və elmi-populyar kitab və məqalələri ilə tanınır. “Kitabi Dəqə Qorqud” və “Koroğlu” dastanlarında hərb məsələlərinin araşdırılması təkcə elmi ictimaiyyəti deyil, geniş oxucu auditoriyasının da diqqətini cəlb etmişdir. Xüsusi qeyd edilmişdir ki, hərbi-vətənpərvərlik işinin aparılmasında hərb tariximizin şanlı səhifələrinə həsr olunmuş əsərlərin xüsusi əhəmiyyəti var və bu baxımdan Y.Ağayevin yeni kitabı olduqca vacibdir. 

Kitabın müəllifi Yusif Ağayev öz çıxışında kitabın xüsusiyyətlərindən bəhs etmiş, həmçinin kitabın hazırlanmasında ona dəstək göstərmiş şəxslərə dərin təşəkkürünü bildirmişdir.

Qeyd edək ki, tədbirdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin layihəsi olan “Azərbaycan Atabəyləri” serialı haqqında məlumat verilib. Nizami Gəncəvi dövrünün hərbi-siyasi hadisələrindən bəhs edən serial üzərində Az TV, eləcə də Türkiyənin “İkinci Yeni Film Production” və Azərbaycanın “Şahdağ Film Production” şirkətləri müştərək çalışıblar.Filmdə istifadə edilən hərbi geyimlər, həmçinin serialdan kadrlar nümayiş olunub. “Şahdağ Film Production” şirkətinin direktoru İlqar Mehti çıxış edərək müasir şəraitdə Azərbaycanda hərbi-təbliğat işinin gücləndirilməsinin aktuallığını vurğulayib, elmi əsaslarla bədii və sənədli filmlərin çəkilməsinin ən güclü təbliğat vasitəsi olmasını xüsusi qeyd edib. 

Təbdirin bədii hissəsində Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu ideoloji və mədəniyyət Mərkəzinin Mahnı və Rəqs аnsamblının ifasında “Qılınclarla rəqs” və “Gənci” rəqsləri nümayiş olunub. Həmçinin Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə yazdığı “Sevgili canan” və “Sənsiz” romansları ifa olunub. 

Tədbirin sonunda qonaqlara müəllifin avtoqrafı ilə kitablar hədiyyə olunub.