İncəsənət
İncəsənət

Qara Qarayev doğum günündə yad edildi

Qara Qarayev doğum günündə yad edildi

Fevralın 5-i SSRİ Xalq artisti Qara Qarayevin doğum günüdür.

OLAY yazır ki, bu münasibətlə mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək Qara Qarayevin xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Qeyd edilib ki, görkəmli bəstəkar Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda dünyaya gəlib. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş bəstəkar milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb. Onun hər bir əsərinin premyerası Azərbaycan musiqi tarixində xüsusi hadisəyə, sənət bayramına çevrilib. Dahi sənətkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan, yeni bəstəkarlar nəslinin yetişməsinə mühüm töhfələr verən Qara Qarayev 1982-ci il mayın 13-də vəfat edib.