İncəsənət
İncəsənət

Türkiyədə azərbaycanlı rəssamın sərgisi keçirildi

Türkiyədə azərbaycanlı rəssamın sərgisi keçirildi

İstanbulda YUNESKO-nun nəznində fəaliyyət göstərən Dünya Rəssamlar İttifaqının üzvü, rəssam Nərminə Nəcəfovanın sərgisi keçirilib.

OLAY yazır ki, Esmira Gül, Refik Aziz kimi rəssamlardan dərs alan sənətçinin 2 il ərzində 60-a yaxın əsəri var.

Sərgidə 34 rəsm əsəri nümayiş olunub. Bu, rəssamın ilk sərgisidir:

“Uzun zamandır sərgi etmək istəyirdim. Sərgimi fərqli keçirmək istədim, heç bir mövzu qoymadım. Hər bir əsərimi çox sevirəm, mənim üçün bir tale, həyatdırlar. Onları nümayiş etdirmək, insanlara təqdim etmək çoxdankı arzum idi. Sərgi zamanı yanımda olan, mənə ruh verən hər kəsə, ailəmə çox təşəkkür edirəm. Dostlarım hər zaman mənə dəstək oldular, çətin zamanlarımda onların verdiyi güclə ilhamlandım və bu rəsmləri ərsəyə gətirdim. İnşallah, Azərbaycanın hər bir bölgəsində sərgi etmək niyyətindəyəm. Hər şey səhmana düşəndən sonra Qarabağda da sərgi keçirmək arzularımdan biridir.

Müəllimlərim Refik Aziz, Esmira Gül də mənə çox dəstək oldular, istedadlı olduğumu və bu yolda davam etməyimi istədilər. Onlara sonsuz təşəkkür edirəm və çox şadam ki, şagirdləri olmuşam, həyatımda gözəl izlər qoyublar”.

Sərgidə iştirak edən Refik Aziz Nərminə Nəcəfovaya YUNESKO-nun nəznində fəaliyyət göstərən Dünya Rəssamlar İttifaqının üzvlük vəsiqəsini təqdim edib:

“Əslində, Nərminə xanımın bu sərgidə rəsmləri ilə insanları heyran qoymağının şahidi oldum. Eləcə də, sevindim ki, o, YUNESKO-nun nəznində fəaliyyət göstərən Dünya Rəssamlar İttifaqının üzvüdür”, - deyə Refik Aziz bildirib.

Qeyd edək ki, sərgidə iş adamları, müxtəlif sənət nümayəndələri iştirak edib. Tədbir zamanı daha çox təbiət mövzusunda rəsm əsərləri nümayiş olunub.

Onu da bildirək ki, N.Nəcəfova bundan öncə pandemiya dövründə iki onlayn sərgi keçirib.