Oktyabrın 8-11-də Bakı və Şuşa şəhərlərində III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçiriləcək.
OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, festival Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq türk xalqlarının bu məkana inteqrasiyasına töhfə verməkdir. 2021-ci ildən təşkil olunan festivalın ilki Türkiyənin İstanbul şəhərində, ötən il isə qardaş ölkənin Bursa şəhərində həyata keçirilmişdi.
Builki festivalda Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu, Özbəkistan Mədəniyyət Nazirliyi yanında Kinematoqrafiya Agentliyinin direktoru Firdavs Abduxalikov, Özbəkistan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Matyakub Matçanov, Qazaxıstan Respublikası "Milli Kinoya Dövlət Dəstəyi Mərkəzi" QSC-nin İdarə Heyətinin sədri Kurmanbek Jumaqali, "Qazaxfilm"in prezidenti Azamat Satıbaldı və digər türk dövlətlərinin müvafiq sahə üzrə rəsmi şəxsləri, TÜRKSOY-un rəhbərliyi, eləcə də tanınmış türkiyəli kinorejissor Semih Kaplanoğlu – ümumilikdə türk xalqlarının kinematoqrafçılarından ibarət 100-dən çox xarici qonağın iştirakı gözlənilir.
Festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Altay və Başqırdıstandan (Rusiya Federasiyası), həmçinin azsaylı türk xalqlarından təqdim olunan 40-a yaxın bədii, sənədli və animasiya filminin oktyabrın 8-dən 11-dək Nizami Kino Mərkəzində nümayişi baş tutacaq.
Festival çərçivəsində türk dövlətlərindən olan tanınmış kinematoqrafçıların TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə tanışlıq səfərinin təşkil edilməsi və Bakı şəhərində zirvə toplantısının keçirilməsi nəzərdə tutulur.
“Korkut Ata” III Türk Dünyası Film Festivalının oktyabrın 8-də rəsmi açılış və oktyabrın 11-də bağlanış mərasimləri təntənəli şəkildə Heydər Əliyev Mərkəzində keçiriləcək.