Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan silsilə tədbirlər çərçivəsində teatr və konsert truppalarının regionlarda qastrol səfərləri davam edir.
OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Layihənin iyun ayı üzrə proqramına əsasən, paytaxtda fəaliyyət göstərən teatr və konsert truppalarının regionlarda çıxışları ilə yanaşı, bölgə teatrlarının da bir sıra rayonlarda tamaşa nümayişləri təşkil olunur.
Mədəniyyət Nazirliyi Qurban bayramı ilə əlaqədar elan olunmuş tətil günlərində də yerlərdə insanların istirahətini daha maraqlı, yaddaqalan etmək, eyni zamanda onların teatr sənəti ilə ünsiyyətinin dərinləşməsinə töhfə vermək üçün qastrol aksiyasını davam etdirəcək.
Xatırladaq ki, bu ilin mart ayından təşkil edilən və ölkəmizdə teatr proseslərinin canlandırılmasını nəzərdə tutan qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdan ibarətdir.