Xəbər verdiyimiz kimi, ötən gün dünyasını dəyişən Əməkdar artist Elxan Qasımov bu gün torpağa tapşırılıb.
OLAY yazır ki, sənətçinin evinə onunla vidalaşmaq üçün bir çox incəsənət xadimləri, o cümlədən mərhumun sənət dostları toplaşıb. Mərasimə qatılanlar arasında bir neçə məşhur sima ilə həmsöhbət olduq.
Xalq artisti, kinorejissor Vaqif Mustafazadə sənət dostu barədə bu sözləri söyləyib:
“Bayaqdan fikirləşirəm ki, öz hisslərimi, görəsən, necə ifadə edim? Belə hesab edirəm ki, biz bu gün bizdən birini son mənzilə yola salırıq. Çünki Elxan Qasımov həqiqətən də bizdən biri idi. Mənim üçün çox ağırdır. Mən 1973-cü ildə “Azərbaycanfilm” kinostudiyasına gəlmişəm. Artıq 50 ildir keçib və bu adamı mən 50 ildir tanıyıram. Elə ilk gündən gülərüz, yumoristik, yüksək enerjili bir şəxs kimi görmüşəm. Mən gələndə bilirdim ki, o, “Sürücü Əhməd”dir. Allahın işinə baxın ki, yolunu “Əhməd haradadır” filmindən salıb, o rolu oynayıb və sözügedən obrazla bütün ölkədə tanınıb. Elxan Qasımov çox rol oynamayıb, amma bir obrazla yadda qalıb”.
Sənətçi E. Qasımovla sonuncu dəfə görüşdüyü vaxtdan da söhbət açıb:
“Onu sonuncu dəfə iki-üç həftə bundan əvvəl kiminsə yasında görmüşəm. Həmin hüzr yerində Elxan məni bağrına basdı, qucaqladı. Dedim “Sən neyləyirsən, Elxan?”. Mənə dedi ki, “Sən prezident təqaüdünə layiq görülmüsən. Təbrik edirəm”. Təşəkkür etdim. O, çətin vaxtda da istəyirdi insana xoş söz desin. Bir xüsusiyyəti də var idi ki, insana pozitiv ötürürdü. İndi isə onu biz son mənzilə yola salırıq. Təbii ki, onu alqışlayacağıq. Ancaq bu, son alqışı olmayacaq. Elxan Qasımov “Sürücü Əhməd” kimi ürəyimizdə qalacaq”.
Xalq artisti Rasim Balayev vida mərasimində çox üzüldüyünə görə özünü yaxşı hiss etməsə də, fikirlərini belə ifadə edib:
“Mən həm sənət, həm də yaxın dostumu itirmişəm. Biz Elxanın sağalacağına ümid edirdik. Ancaq dərdini çəkdiyi oğlu Samirin yanına getdi. Çox heyif...”.
Aktrisa Zülfiyyə Qurbanova sənətçinin ölümü barədə bunları deyib:
“Azərbaycan mədəniyyətindən bir-bir insanlar gedir. Bu dünyadan ağacdan düşən yarpaq kimi köçürlər. Əvvəllər kimisə itirəndə insan qəbul edə bilmirdi. Ancaq insan bilmir necə reaksiya versin. Qalanların qədrini bilək, Allah sənətkarlarımıza can sağlığı versin”.
Qeyd edək ki, 78 yaşlı E.Qasımov Xırdalan qəbiristanlığında, oğlu Samir Qasımovun məzarının yanında dəfn olunub.