“Uzun illər əvvəl bu sənətdə addım atanda bilməzdim ki, zaman keçəcək və Prezidentimə, xalqıma dərin minnətdarlığımı bildirəcəm”.
OLAY yazır ki, bu sözləri Prezident İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilən Xalq artisti Xuraman Qasımova deyib.
O, bu barədə Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimində çıxış edərkən bildirib:
“Bu gün valideynlərimin ruhu şaddır. Çünki onlar bizi doğru istiqamətləndirdilər. Və biz öz peşəmizdə uğurlar əldə etmişik. Görünür ölkə rəhbərliyi bizim hər bir uğurumuzu izləyirmiş. Çalışdıq ki, dünyanın hər bir yerinə Azərbaycanın ifaçılıq mədəniyyətini çatdıraq.
Çünki mədəniyyət hər bir ölkənin dəyəridir, silahıdır. Mədəniyyətin dili yoxdur. Mədəniyyət hər bir dildə danışır. Mən Xuraman Qasımova, bütün gəncliyim vuruşmaqla keçdi. Və rəhbərlik tərəfindən biz qiymətləndirildik. Hər kəsə təşəkkürümü bildirirəm. Çox həyəcanlı və qürurluyam. Möhtərəm Prezidentimizə, Birinci xanıma minnətdaram ki, mədəniyyət sahəsində çalışan hər bir insana yardım əli uzadır”.