İncəsənət
İncəsənət

“Gənc Tamaşaçılar”da baş rejissor qalmaqalı

“Gənc Tamaşaçılar”da baş rejissor qalmaqalı

Gənc Tamaşaçılar Teatrının aktrisaları Xalq artisti Naibə Allahverdiyeva və Əməkdar artist Nəsibə Eldarova sosial şəbəkədə şikayətləniblər.

OLAY-ın əldə etdiyi məlumata görə, onların şikayətçi olduğu şəxs keçmiş baş rejissorları Mehriban Ələkbərzadədir. Buna Əməkdar incəsənət xadiminin onları daha səmərəli çalışmağa sövq etməsinin səbəb olduğu iddia edilir. Məsələ Ələkbərzadə Akademik Milli Dram Teatrına bədii rəhbəri təyin olunandan sonra alovlanıb.

N.Eldarova şikayətini feysbuk hesabında yazıb:

“Birinci kursda ustadımız Rza Təhmasibin ilk sözü “teatr kollektiv sənətdir” oldu. Bəli, biz aktyorlar asılı adamlarıq. Bu həyatda teatrdan başqa heç nəyim yoxdur. Bu yaşa qədər ayaqda qalmağıma tək səbəb sənətimdir. Ay Allah, nə olar, bizim “ştrafnoy batalyona” elə birini göndər ki, sinəmizə çəkilən çarpaz dağın üzərindən köz basmasın”.

Naibə Allahverdiyeva isə sözügedən postda həmkarına dəstək verib:

“Artıq psixologiyam pozulub. Nə qədər olar? Nə zaman bu teatrın yaranışından sinəsinə çəkilən dağa məlhəm biri olacaq?! Sadəlövh kollektivi gələn aldadır, gedən aldadır. Nə qədər əşya kimi istifadə olunub, atılacağıq?!”.

Qeyd edək ki, əldə etdiyimiz digər məlumata görə, teatrın nümayəndələri yeni baş rejissorun Əməkdar artist Nicat Kazımov olmasını istəyirlər. Lakin buna onun rejissor diplomunun olmaması maneə törədir.