Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənilib.
OLAY yazır ki, tamaşanın sonunda səhnə əsərinin hazırlanmasında iştirak edən bütün yaradıcı heyət Heydər Əliyev Mərkəzinin təşəkkürnamələri və hədiyyələri ilə təltif olunublar.
Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi əsər olub. Heydər Əliyev Mərkəzindəki tamaşada ümumilikdə 27 aktyor iştirak edib.
“Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri aktyor Anar Heybətov 87-ci dəfə bu tamaşa üzrə baş rol ifaçıları kimi Heydər Əliyev Mərkəzinin səhnəsinə çıxıblar.
Tamaşada gənc, orta və yaşlı nəslin tanınmış aktyorları rol alıblar. Ən gənc aktyor, Cəlal rolunun ifaçısı 12 yaşlı Səccat Kazımov, ən qocamanı isə Xalq artisti 85 yaşlı - yubileyini səhnədə qeyd edən Rafiq Əzimovdur.
Mərkəzin səhnəsinə uyğun tamaşa üçün rəngarəng dekorasiyalar qurulub. Aktyorların kostyumları isə məhz bu təqdimat üçün xüsusi hazırlanıb. Pyes milli dramaturgiyamızda ilk tragikomediya janrlı əsərdir və ötən müddətdə həm Azərbaycanda, həm də xaricdə tamaşaya qoyularaq böyük müvəffəqiyyət qazanıb.