Bu il may-iyun aylarında Şuşada Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun təşkil ediləcək.
OLAY yazır ki, bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nında əksini tapıb.
Forum çərçivəsində Beynəlxalq Türk Akademiyası ilə birgə türk dünyasında ortaq mədəni irsin, tarix-memarlıq abidələrinin qorunması, bərpası və tanıdılmasına həsr olunmuş tədbir, TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu Toplantısı, Türk Dünyasının Mədəni Marşrutu layihəsinin təqdimatı, TÜRKSOY Muzeylər Birliyinin toplantısı və digər tədbirlər keçiriləcək.
Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tədbirlərin təşkili həvalə edilib.